Azərbaycan öz qanuni ərazilərini qoruyacaq

"Əgər erməni əsgərlərinin hansısa postu bizim əraziyə düşürsə, dərhal çıxmaq məcburiyyətindədirlər"

Məlum olduğu kimi Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərinin mühasirəyə alınması ilə bağlı yayılan xəbərləri dezinformasiya adlandırıb. Nazirlikdən vurğulanıb ki, “erməni postlarına təhlükə” başlıqlı xəbərlərin heç bir əsası yoxdur və şişirdilmiş, təhrif olunmuş məlumatlardır:

“Bildiririk ki, Ordumuzun bölmələri Azərbaycanın Laçın rayonunun Ermənistanın Gorus rayonu ilə sərhəd zonasındakı mövqelərdə dislokasiya olunub və ölkəmizin suveren ərazilərində gündəlik xidməti fəaliyyətini həyata keçirir, bu da heç bir təhdid doğurmur. Ermənistanda bu kimi xəbərləri yayan dairələrə əsassız şəkildə panika yaratmamağı, Ermənistan ictimaiyyətini çaşdırmamağı tövsiyə edirik”. 

Nazirliyin bəyanatını “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanla Azərbaycan arasında Zəngəzur və Kəlbəcər istiqamətində sərhədlərin müəyyənləşdirilməsi əsasən 1975-ci il xəritəsinə uyğun olaraq aparılır:

“Azərbaycan BMT-də qəbul edilən qanuni sərhədlər çərçivəsində öz ərazilərini geri qaytarır. Ermənistanın narazı ictimai sferası həmin xəritə ilə sərhədlərin  müəyyənləşməsini istəmir.

Çalışırlar ki, hazırkı vəziyyətdə proseslər mümkün qədər Ermənistanın maraqlarına uyğun həyata keçirilsin. Əgər onlar 1975-ci il sərhədləri ilə razi deyilsə, Azərbaycan öz tarixi Zəngəzur torpaqlarına da iddia edə bilər.

Ermənilərin süni ajiotajının heç bir əsası yoxdur. Hazırda Azərbaycan tərəfi öz qanuni ərazilərini müəyyən edir. Əgər erməni əsgərlərinin hansısa postu bizim əraziyə düşürsə, dərhal çıxmaq məcburiyyətindədirlər.

Çıxmaq istəməmək Ermənistanın öz problemidir və məsuliyyət onların üzərindədir”.