Putin bölgədə davamlı sülhə maraqlıdı

Bakıya və İrəvana olan telefon zəngləri səbəbsiz deyil

Aprelin 1-də Prezident İlham Əliyev ilə Rusiya rəhbəri Vladimir Putin arasında telefon danışığı olub. Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib. İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib. Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib. 

Qeyd edək ki, iki gün öncə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefon danışığı olub.

“Atlas” Araşdırımalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya prezidenti Vladimir Putin 27 sentyabr 2020-ci ilə qədər Dağlıq Qarabağ məsələsinə maraq göstərməyib. Bu problem onun üçün maraqsız idi. Ancaq indi tam tərsini müşahidə edirik:

“Putin müharibə günlərində Bakıya və İrəvana zənglər etdi, Şuşanın taleyindən danışdı, 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi oldu.

Putin indi də fəaldır, telefonla yenə Bakıya və İrəvana zənglər edir, iki ölkənin xarici işlər nazirlərini Moskvaya çağırır. Putin bütün bunları ona görə etmir ki, bölgədə davamlı sülh olsun və ya Azərbaycanın ərazi bütövlüyü tam təmin edilsin. Kreml sahibinin maraqları fərqlidir. Putin nə istəyirdisə onu əldə etdi və indi əldə etdiklərini zənglər və müxtəlif görüşlər vasitəsilə gücləndirməyə çalışır.

Birincisi, Kreml sahibi Rusiya ordusunun Dağlıq Qarabağda varlığını təmin etdi, ikincisi, tərəflərə kommunikasiya xətlərinin açılmasını qəbul etdirdi və üçüncüsü, Ermənistan hakimiyyətini və əhalisini anlatdı ki, Rusiya olmasa erməniləri Azərbaycan qarşısında daha ağır məğlubiyyət gözləyirdi”.