Pandemiya çökdürdü, nə gələn var, nə gedən

Azərbaycanın turizm sektoru 2018-2019-cu illər ərzində rekord göstəricilərə imza atmışdı


Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə xərcləmələr azalıb. Bu iln yanvar-fevral aylarında xarici vətəndaşlar bank kartları ilə 50,5 milyon ABŞ dolları pul xərcləyib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənəddə qeyd olunur ki, təkcə fevral ayında xaricilərin bank kartları ilə xərcləmələri 25,5 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 2,9 dəfə azdır. Əlbəttə ki, əsas səbəb pandemiyadır. Məlumdur ki, dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən turizm sektoru tənəzzül yaşayır.

İnsanlar sağlamlığını səyahət marağına qurban vermək istəmir. İqtisadçı Pərviz Heydərov “Şərq”ə açıqlamasında əsas səbəbin pandemiya olduğunu dedi: 

- Xaricilərin bank kartları ilə ötən ilin eyni dövrü ilə müqayisədə az pul xərclədikləri ilə bağlı qeyd etməliyəm ki, bu, təbii haldır. Son 1 ildən çoxdur ki, ölkədə pandemiya şəraiti hökm sürür.

Bütün iqtisadi fəaliyyət sahələri dondurulmuş vəziyyətdə idi. Hələ təzə-təzə bu vəziyyətdən çıxmağa çalışırıq. İqtisadiyyatda ən böyük zərbə turizm və xidmət sektoruna dəyib.

Hansı xarici vətəndaşlar üzrə bank kartları sahəsində pul xərcləmələrindən danışmaq olar ki? Son 1 il ərzində bütün aviareyslər dayandırılmış vəziyyətdə idi.

Bura kimlər gələ bilirdi ki, kimlərsə də bank kartları ilə vəsait xərcləyəydi? İqtisadiyyat passiv vəziyyətdə idi, turizm ölü şəkildədir. Bütün dünya üzrə turizm sektoru batmış vəziyyətdədir. Azərbaycanda bu sahədə vəziyyət necə ola bilərdi ki? Xatırladım ki, ölkəmiz 2018-2019-cu illər ərzində turistlərin gəlişi sahəsində rekord göstəricilər əldə etmişdi.

Turizm sektoru yüksək templə inkişaf etməkdə idi. Ölkəyə ərəb ölkələrindən güclü axın var idi. Bu, ölkəyə valyuta gətirirdi, alış-verişi və ticarət dövriyyəsini sürətləndirmişdi. Bütün bunlara keçən ilin mart ayından başlanan pandemiya şəraiti son qoydu.

Turist axını kəsildi. Xidmət sektoru söndü. Gəlib-gedən sayı sıfıra endi, ticarət və pul dövriyyəsi daraldı. Bu vəziyyət hələ də demək olar ki, davam etməkdədir.