Rusiya generalı Xankəndiyə niyə gəlib? - “Moskvanın yeni hədəfləri var” – Təhdid!

“Qarabağda fəaliyyətini inkişaf etdirməklə, bütövlükdə sülh və təhlükəsizliyi təhdid edəcək”

“Azərbaycan Xankəndi və ətrafında Rusiyanın artan hərbi imkanlarına qarşı kompleks tədbirlər görməlidir”


“Rusiya müdafiə nazirinin müavini Dmitriy Bulqakovun Xankəndiyə səfəri çərçivəsində burada sülhməramlı qüvvələr üçün tikilən şəhərciklərin açılışında iştirakı, ilk növbədə Azərbaycanın razılığı ilə olmalıdır. Ümumiyyətlə, Rusiya tərəfi məhz Azərbaycanın razılığı ilə burada sülhməramlı missiyada iştirak edir. Amma Moskva Qarabağdakı fəaliyyətində müstəqil siyasət aparmaq istəyir”.

 Bu sözləri MCP-nin sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazadənin fikrincə, proseslər göründüyü kimi sadə deyil: 

“İlk növbədə şimal qonşumuzun burada atdığı addımlar Azərbaycanla razılaşdırılmalıdır. Kreml 1960 nəfərdən ibarət olan şəxsi heyəti üçün şəhərciklər inşa edir. Və bunların açılışına Rusiya müdafiə nazirinin müavini qatılır. Rusiyanın müdafiə nazirinin müavini Bulqakov xüsusi missiyası mübahisəli regionlara səfər etmək və prosesləri qızışdırmaqdan ibarətdir. Onun Qarabağa gəlişi sıradan bir açılış lentini kəsmək deyil. Görünür, Moskvanın burada yeni hədəfləri var. Rusiya - Türkiyə əlaqələrinin Suriyada gərgin mərhələyə keçidi fonunda Qarabağa belə bir səfər ciddi hadisədir. Azərbaycan prosesləri diqqətlə izləməli, Rusiyanın burada öz silahlı qüvvələrini artırmasına imkan verməməlidir”.

Politoloq, həmçinin bildirdi ki, rəsmi Bakı lazımi anda adekvat cavab verməyə hazır olmalıdır:

 “Bundan əlavə, Qarabağdakı şəhərciklərin bir qisminin silahlı erməni birləşmələrinin istifadəsinə verilməsi mümkündür. Azərbaycan Xankəndi və ətrafında Rusiyanın artan hərbi imkanlarına qarşı kompleks tədbirlər görməlidir. Prezident İlham Əliyev də Rusiyanın sülhməramlı siyasətindən narazıdır. Rusiya Qarabağda fəaliyyətini inkişaf etdirməklə, bütövlükdə sülh və təhlükəsizliyi təhdid edəcək”.