Parlamentin boş qalan yerlərinə niyə seçki keçirilmir? – Deputat:“...siyasi məsələ... ”

“İmişlinin 80 saylı seçki dairəsindən millət vəkili yoxdur. Orada olan 48 min seçici mənim çiyinlərimə yüklənib”

“Yəqin ki, bir səbəb pandemiyadırsa, digər səbəb başqa siyasi məsələlərə bağlıdır”


Ötən il fevralın 9-da Milli Məclisə VI çağırış seçki baş tutdu. Bu seçki həmçinin müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkisi idi. Majoritar sistemlə keçirilən seçkilərdə Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulmuşdu. Lakin müxtəlif səbəblərdən 4 seçki dairəsində nəticələr ləğv olundu.

2020-ci il yanvarın 13-də Mərkəzi Seçki Komissiyası Çingiz Qənizadə, Rauf Arifoğlu, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun qalib elan olunduğu dairələrdə nəticələri ləğv edib. Dolayısı ilə hazırda həmin şəxslərin parlamentdə yeri boşdur.

Maraqlıdır, parlamentdə boş qalan yerlərə seçkilərin keçirilməməsinə səbəb nədir?



Məsələyə münasibət bildirən millət vəkili Razi Nurullayev “Sherg.az”a bildirib ki, parlamentin boş qalan yerlərinə seçkilərin keçirilməməsini düzgün hesab etmir:

“Fikrimcə, hətta pandemiya olsa belə, yenə də seçkiləri keçirə bilərdik. Çünki bəzən bir millət vəkilinin üzərinə həddindən artıq seçici kütləsi yüklənir. Beləliklə, deputat seçicilərin problemləri ilə lazımi qaydada məşğul ola bilmir.

Məsələn, İmişlinin 80 saylı seçki dairəsindən millət vəkili yoxdur. Orada olan 48 min seçici mənim çiyinlərimə yüklənib.

Buna etiraz etmirəm. Amma düşünürəm ki, 4 boş yerə seçkilər keçirilsəydi, çox yaxşı olardı və parlament bütün tərkibdə fəaliyyət göstərərdi.

Ancaq seçkilərin nə üçün keçirilmədiyini bilmirəm. Yəqin ki, bir səbəb pandemiyadırsa, digər səbəb başqa siyasi məsələlərə bağlıdır. Bu il dövlət büdcəsindən seçkilər üçün 19 milyon manat vəsait ayrılıb.

Ümid edirəm ki, 19 milyonun içərisində boş qalan 4 yer üçün də seçkilərinin keçirilməsi nəzərdə tutulub. Həqiqətən də bu məsələ bütün deputataların marağındadır. Həmçinin namizədliyini verib, mübarizə aparmaq istəyənlər də kifayət qədər çoxdur.

Fikrimcə, seçkilərin tez bir zamanda keçirilsə, cəmiyyətimizin, parlamentin və vətəndaşların faydasınadır”.