“Ordumuz Zəngəzur istiqamətində dayandı” – AKTUAL 

Bu günlərdə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə iştirak edib. Ölkə başçısı toplantıda mühüm məqamlara toxunub. Ali Baş Komandan müharibənin başa çatdığını və münaqişə tarixdə qaldığını söyləyib: “Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır”.

Dövlət başçısı deyib ki, bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq: “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır.

Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.



Prezidentin məlum toplantıda bir çox məsələlərə aydınlıq gətirdiyini söyləyən tarix elmləri doktoru, professor Anar İsgəndərov “Sherg.az”a bildirib ki, xüsusilə diqqəti cəlb edən ən mühüm məsələ Zəngəzurla bağlıdır:

“1920-ci ilin aprel işğalından sonra Zəngəzur bolşevik Rusiyası tərəfindən Ermənistana verildi. Zəngəzurun Azərbaycandan qoparılması sonrakı dövlərdə Naxçıvanla-Azərbaycan arasındakı quru sərhəddi aradan qaldırdı.

Nəticədə Naxçıvan blokadada qaldı. Hətta sonrakı dövlərdə Naxçıvan Muxtar Respublika elan olunsa da, 1929-cu ildə Naxçıvanın 9 kəndi alınıb, Ermənistana verildi. Beləliklə, Zəngəzurun alınmasından sonra bu kəndlərin Ermənistana verilməsi vəziyyəti bir az da kəskinləşdirdi.

Bunun acı nəticələrini 1992-ci ildə Naxçıvan blokadada olanda gördük. 2020-ci il sentyabrın sonlarında dövlət başçımızın siyasi qərarından sonra Azərbaycan Ordusu düşmən işğalında olan torpaqlarımızı azad etdi. Ordumuz eyni zamanda gəlib Zəngəzur istiqamətində dayandı. Moskvada imzalanmış bəyanatda kommunikasiya xətlərindən söhbət gedir.

Bu kommunikasiya xətlərinin istifadəyə verilməsi əslində təkcə Azərbaycana yox, elə bölgədəki bütün dövlətlərə xeyir verir: İran, Azərbaycan və Türkiyə, Rusiya, Gürcürsan, hətta Ermənistan münasibətlərdə səmimilik göstərsə, ən çox qazananlardan biri olacaq.

Çünki Ermənistan faktiki olaraq blokada vəziyyətindədir. Amma kommunikasiya xətlərinin açılması iqtisadiyyatı və ordusu məhv olan bir xalqa kömək ola bilər”.

Professor qeyd edib ki, dövlət başçısı “Qarabağ problemi bitib” deməkdə tamamilə haqlıdır:

“Azərbaycan Ordusu torpaqlarımızı qorumağın nə qədər “şirin” olduğunun əyani şahidi oldu. Şəhidlərimizin qanı hesabına torpaqlarımız azad edildi. 200 ildən artıq ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırıma son qoyuldu. Bu mənada Qarabağ problemi tarixə qovuşdu”.

A.İsgəndərov vurğulayıb ki, gələcəkdə Ermənistanla qonşu dövlət olaraq münasibətlərimiz formalaşa bilər:

“Lakin bu şərtlə ki, tarixi torpaqlarımıza sahib olub, onları qoruyub, bizə qarşı törədilən soyqırımı yaddan çıxarmayaq. Dünya tarixində belə təcrübələr çoxdur. İllərlər müharibələr gedir, minlərlə insan qırılır.

Amma həmin dövlətlər tarixin sonrakı dövrlərində heç bir zaman bir-birinə düşmən olmur. Aralarında münasibət yaranır, sülh müqaviləsi imzalanır. Lakin o demək deyil ki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan əldə etdikləri ilə bağlı tarixi həqiqətlərdən imtina etsin.

Dövlət başçısının dediyi kimi, biz tarixi həqiqətləri “malalamalı deyilik” Tarixi həqiqətləri bütün dünyaya yaymalıyıq ki, doğruları bilsinlər. Bu mənada Ali Baş Komandanın zirvə toplantısındakı çıxışı xalqımızın maraqlarını təmin edir”.