Türk dünyasına günəş doğdu

Zəngəzur dəhlizi böyük potensiala malikdir

Asiyadan Avropaya uzun bir coğrafiyada iqtisadi dirçəliş üçün imkanlar yaranır


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaranandan bu günə kimi kifayət qədər böyük işlər görüb. Fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan TDƏŞ ticarət əlaqələri və investisiyalara dair əlverişli şəraitin yaradılmasından tutmuş, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsinə qədər ən müxtəlif mövzularla bağlı həmrəylik və birliyi özündə birləşdirir. Bu ilin martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir daha Zirvə görüşünü reallaşdırdı.

Pandemiyanın yaratdığı bəlli səbəblərdən budəfəki qeyri-formal Zirvə görüşü videokonfrans formatında baş tutdu. Liderlərin Zirvə görüşü ötən il 44 günlük müharibədə tarixi uğura nail olmuş Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair fikirlərlə yadda qaldı. Ən əsası görüşdə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə hesab olunduğu qeyd olundu.

Qeyd edək ki, həmin maddə yalnız muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan vermir. O, eyni zamanda həm də Çindən, Asiyadan Türk Şurasına üzv ölkələrdən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir.

Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Vurğulayaq ki, Zəngəzur dəhlizi nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malikdir və gələcəkdə region dövlətləri ilə yanaşı türkdilli ölkələr də marşrutdan yararlana biləcəklər. Ona görə də bu, olduqca vacib və strateji məsələdir.

Politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında bildirib ki, Zəngəzur nəqliyyat dəhlizi türkdilli dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini  təmin edəcək. Onun sözlərinə görə, dəhliz  türk dünyasında kommunikasiya və inteqrasiyanı gücləndirəcək:

"İkinci Qarabağ müharibəsində  öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar bütövlükdə Avrasiya üçün mühüm geostrateji perspektivlər açıb. Yaranmış yeni unikal və universal əməkdaşlıq imkanları Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada xalqlar və dövlətlər üçün rifah, inkişaf vəd edir. Qeyd edim ki, bu həm də regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması olacaq. Burada ən əhəmiyyətli nüanslardan biri isə Azərbaycanın bölgədə sülh və sabitliyi təmin etməsidir. Bir çox ölkələri birləşdirən nəqliyyat layihələrinin gerçəkləşdirilməsi isə üstün geosiyasi iradə nümayiş etdirir".

Politoloq qeyd edib ki, Azərbaycanın moderatorluğu və fəal iştirakı ilə yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə strateji əhəmiyyətə malik olacaq:

“Qeyd etdiyim kimi, bu geostrateji şərait Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyanı əhatə edir. Özəlliklə də bəhs olunan reallıqlar türkdilli dövlətlər arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına mühüm töhfə olacaq. Xüsusilə qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasında kommunikasiya və inteqrasiyanı gücləndirəcək.

Yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi türkdilli dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini təmin edəcək.

Həmçinin mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını da şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada geosiyasi fəallığın artmasına, geoiqtisadi rəqabətin güclənməsinə  təkan verəcək.
Hesab edirəm ki, müşahidə olunan tendensiya  Azərbaycanı regional supergücə çevirəcək və beynəlxalq münasibətlərdə rolunu artıracaq".