Günəş elektrik enerjisinin tikintisi çox əhəmiyyətlidir

İnhisarçılıq aradan qaldırılacaq, enerjinin qiymətləri ucuzlaşacaq

"Gələcəkdə adi vətəndaşlar da elektrik enerjisi istehsal edib özünə lazım olmayan hissəni dövlətə sata biləcək"

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gunduz "Şərq"ə prezidentin sərəncamına əsasən yeni yaradılacaq  stansiyanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bununla enerji sektorunda ciddi keyfiyyət dəyişikliyi yaradılacaq: "Xeyli müddətdən bəri müzakirə olunan məsələ reallaşmaq üzrədir. Bəli, bu gün Prezident 230 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi barədə Sərəncam imzalayıb.

Qeyd edim ki, prosesə 3 il bundan öncə başlanmışdı. Bu prosesə 7-8 dövlət qurumu (Energetika Nazirliyi, ETSN, Azərenerji, Maliyyə Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və s. ) cəlb edilib. Ötən müddət ərzində onlar tərəfindən “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin layihələri hazırlanıb. 2019-cu ildə bərpa olunan enerji ilə bağlı işləri görmək üçün 9 xarici şirkət arasından iki şirkət - Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətləri seçilib. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək elektrik stansiyası quraşdıracaq.

2020-ci ilin yanvarında MASDAR “Masdar” şirkəti ilə Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı müqavilə imzalanıb. Şirkət 2022-ci ilədək stansiyanın tikintisini başa çatdırmalıdır. "ACWA Power” və “Masdar” şirkətlərinin bərpaolunan enerji mənbələri sahəsində həyata keçirəcəkləri pilot layihələr ümumilikdə 300 milyon dollardan artıq qiymətləndirilir". 

O.Gündüz əlavə edib ki, bu prosesə tanınmış beynəlxalq məsləhətçi təşkilat olan Norveçin "DNV GL Energy Advisory GmbH" şirkəti cəlb edilib: "Bu şirkətin dəstəyi ilə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi hazırlanıb. Bu gün Azərbaycanda elektrik enerjisinin 91,9 faizi ənənəvi enerji resursundan - təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın cəmi 8,1 faizi həcmindədir.

Bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizədək artırılması nəzərdə tutulur. Bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji infrastrukturuna inteqrasiyası enerji sektorunda ciddi keyfiyyət dəyişikliyi yaradacaq. Enerji sektorunda inhisarçılıq aradan qaldırılacaq, enerjinin qiymətləri ucuzlaşacaq.

Güman ki, gələcəkdə adi vətəndaşlar da elektrik enerjisi istehsal edib özünə lazım olmayan hissəni dövlətə sata biləcək. Energetika Nazirliyinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və "Azərenerji"nin bu istiqamətdəki səyləri təqdirəlayiqdir".