Özəl tibb müəssisələri bütün təminatları özləri edir

Ona görə də konkret olaraq maraqlar əsasında çalışırlar

"Bütün regionların hər yerində səhiyyənin səviyyəsini eyniləşdirmək, sistem qurmaq lazım idi"

Özəl tibb müəssisələrinə nəzarət gücləndirilməlidir. Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib. Ombudsman bildirib ki, özəl tibb müəssiələrində pasientlərlə bağlı müxtəlif problemlər müşahidə olunmaqdadır. Onun sözlərinə görə, özəl tibb müəssisələrində müalicə, müayinə, profilaktika və digər işlərə nəzarət gücləndirilməlidir. Ombudsman həmçinin qeyd edib ki, “Pasientlərin hüquqları haqqında” qanunun qəbul edilməsi üzrə işlər sürətləndirilməlidir.

Mövzuya münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki,  özəl tibb mərkəzləri, özəl tibb sektorları kommersiya təyinatlı tibb müəssisələridir. Professor vurğulayıb ki, bu günləri özəl xəstəxanaların maddi-texniki bazası daha yaxşıdır:

"Belə tibbi müəssisələr özəl olduğuna görə, onlar konkret olaraq maraqlar əsasında çalışırlar. Ona görə ki, burda xəstəxana bütün təminatını özü edir. Özəl xəstəxanaların maddi-texniki bazası bu gün daha yaxşıdır. Təbii ki, dünyanın hər yerində bu belədir. Bildiyimiz kimi, burada xidmətlər ödənişlidir. Maddi imkanı olan şəxslər də özəl sektorda müalicə almağı üstün tuturlar". 

A.Qeybulla qeyd edib ki,  özəl tibb müəssisələrində təşkilati məsələlərə bağlı bir sıra problemlər mövcuddur:

"Təəssüflər olsun ki, bu günləri səhiyyədə bir sistem yoxdur. Sual oluna bilər ki,  sistem nəyə deyilir. Əvvəla, bütün regionların hər yerində səhiyyənin səviyyəsini eyniləşdirmək, sistem qurmaq lazım idi. Yəni istənilən bir xəstə haqqında hər hansısa ümumi məlumatın portalda olması, yəni ümumi səhiyyə portalının yaradılması vacib idi.

Bu günləri donor haqqında qanunun həyata keçirilməsi, donor bankının yaradılması, orqan nəqlinin sistemli şəkildə həyata keçirilməsi  və s. ilə bağlı xeyli təşkilati problemlər var.

Özəl sektorun özündə də bu problemlər yaşanmaqdadır. Nəyə görə? Çünki əksər özəl xəstəxanalara rəhbərlik edən şəxslər, onun sahibləri həkim deyil. Bəzən görürsünüz ki, bu  müəssisələr ya Səhiyyə Nazirliyinin, ya da ki, ümumiyyətlə, dövlətin nəzarətindən kənardadır. 

Təbii olaraq bu zaman burda bir sıra problemlər yaşanır. Amma prinsipial olaraq qeyd edim ki, özəl sektorda xidmət səviyyəsi dünyanın hər yerində həmişə yüksək olub".