5 manatlıq əskinaslara edilən dəyişiklik uğurlu deyil

Eskiz görüntülər hər bir dövlətin tarixini, onun mədəni irsini əks etdirməlidir

“Dövriyyəyə buraxılan yeni 5 manatlıq əskinaslarda bizim kökümüzə bağlı olan  simvolların əksəriyyəti çıxarılıb”.
Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, bu yaxınlarda Prezident İlham Əliyev Azıx mağarasına uzanan pilləkənləri fəth edərək Azərbaycanın nə qədər qədim olmasını dünyaya sübut edirdi: “Azərbaycanın köhnə əskinaslarında Dədə Qorqudla bağlı bir sıra ifadələr əskinaslardan çıxarılıb. Müvafiq qurumlara sual ünvanlamaq istərdim ki, bunu niyə ediblər? Ən azından Azıx mağarası ilə bağlı simvol həmin əskinaslarda əks olunmalı idi”.

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Razi Abasbəyli "Şərq"ə açıqlamasında qeyd edib ki, dövlətin əsas atriburtlarında bu yaxınlarda edilən dəyişikliklər qınanılmalı haldır. Çünki əskinaslar üzərindəki eskiz görüntülər hər bir dövlətin tarixini, onun mədəni irsini əks etdirir:

"Dövriyyədə olan pul əskinaslarının dizaynının dəyişdirilməsi əlbəttə ki, mühüm hadisə deyil. Bütün dünyada iqtisadiyyatların kiçildiyi bir zamanda dövriyyədə olan pul əskinaslarının yenilənməsi və görkəminin dəyişdirilməsi üçün heç bir zərurət yoxdur. Həm pandemiya səbəbindən iqtisadi geriləmə, eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda quruculuq-bərpa işləri üçün böyük vəsaitlərin tələb edilməsi, istənilən halda belə lüzumsuz xərclərə heç bir ehtiyac yaratmır". 

R.Abasbəyli vurğulayıb ki, əskinaslar üzərindəki eskiz görüntülər hər bir dövlətin tarixini, onun mədəni irsini əks etdirir:

"Yeni 5 manatlıq əskinasların üzərindən bir çox milli mədəni irsimizi əks etdirən görüntülərin və əlamətlərin çıxarılması heç cür anlaşılan deyil. Buna hansı zərurət var idi? Hansı ehtiyacdan belə bir dəyişiklik edilib, bəlli deyil.

Bu baxımdan da əskinaslarımız üzərində edilən yeni dəyişikliklər heç də uğurlu deyil. Hər bir milli valyuta həmin dövlətin iqtisadi gücünün, siyasi mövqeyinin, milli-tarixi mədəni irsinin simvoludur.

Dövlətin əsas atirburtlarında bu yaxınlarda edilən dəyişikliklər isə əlbəttə qınanılmalı haldır".