Erməni lobbisinin niyyəti gözündə qalacaq

Ağ Ev qalib Azərbaycanı və güclü Türkiyəni qıcıqlandırmaq fikrində deyil

Beyin mərkəzləri Qarabağ savaşından sonra dəfələrlə vəziyyətin təhlilini aparıblar


Amerikalı konqresmenlər Vaşinqton hökumətini Ermənistan və artıq məhv edilmiş qondarma “dqr”ə 100 milyon dollar yardım ayırmağa çağırıblar. Amerika Erməniləri Milli Komitəsinin rəhbəri Aram Amparyanın məlumatına görə, çağırış konqresmenlər Frenk Pallone, Ceki Şpeyer və Adam Şif tərəfindən hazırlanıb. Çağırışda, həmçinin Azərbaycan və Türkiyəyə yardımların dayandırılması məsələsi də yer alıb. Əslində bu cür çağırışların zaman-zaman şahidi oluruq.

Xüsusən, 44 günlük savaşdan sonra erməni lobbisi məğlub Ermənistana və separatçılara ianə qopartmaq üçün dəridən-qabıqdan çıxırlar. Sirr deyil ki, bu tip çağırışlar ermənipərəst konqresmenlər tərəfindən gündəmə gətirilir. Lakin əksər ekspertlərin fikrincə, indiki məqamda Konqres və Co Bayden Administrasiyası ermənilərin yardım tələbinə, ələlxüsus Türkiyə və Azərbaycanla münasibətləri kəskinləşdirmək arzusuna müsbət reaksiya verməyəcək. 

Erməni lobbisinin təşəbbüsünü “Şərq”ə dəyərləndirən politoloq Turan Rzayev deyib ki, çağırış müəlliflərinin Konqresə seçilməsində erməni lobbisinin müstəsna rolu var. Analitik vurğulayıb ki, bəzi konqreslər Amerikada kifayət qədər gücə sahib olan erməni diasporasının maliyyə dəstəyi ilə mandat qazanıblar. Ona görə də onları Konqresə seçdirən dairənin tələblərini yerinə yetirməyə borcludurlar:

“44 günlük müharibədə Azərbaycan tarixi qələbə qazandı və bu zəfərdə qardaş Türkiyənin mühüm xidmətləri oldu. ABŞ-ın həmin vaxtlar başı seçkiyə qarışıq olduğu üçün prosesləri yaxından izləyə bilmirdi. Buna rəğmən, Amerika NATO üzrə müttəfiqi Türkiyənin vasitəçiliyi ilə Cənubi Qafqazdakı olaylardan xəbərdar olurdu.

Türkiyənin proseslərdə rol oynaması dolayı yolla Vaşinqtonun iştirakı kimi dəyərləndirilə bilər. Əgər Cənubi Qafqazın hər zaman Rusiyanın “arxa bağçası” hesab olunduğunu nəzərə alsaq, bunun ABŞ üçün önəmi aydınlaşar. Vaşinqtonun müharibə və ondan sonrakı proseslərə o qədər də ciddi yanaşmaması mövcud reallığın Ağ Evi qane etdiyini göstərir. Belə şəraitdə Konqresin Azərbaycan, yaxud Türkiyə əleyhinə hansısa qətnamə qəbul etməsi inandırıcı görünmür.

Buna bir neçə dəfə cəhd edilsə də, nəticə olmayıb. Çünki ABŞ-dakı beyin mərkəzləri müharibədən sonrakı vəziyyətin dəfələrlə təhlilini aparıblar, mövcud vəziyyəti dəyərləndiriblər. Ağ Ev qalib Azərbaycanı və güclü Türkiyəni qıcıqlandırmaq fikrində deyil. Hazırda Azərbaycana təzyiqlərdən daha çox, bir vaxtlar qəbul edilmiş 907-ci düzəlişin ləğvi məsələsi müzakirə olunmaqdadır.

Son dönəmlər ABŞ-Azərbaycan münasibətlərində inkişaf tendensiyası müşahidə olunur. Baydenin Novruz bayramı münasibəti ilə dövlət başçısı İlham Əliyevi təbrik etməsi adi hadisə deyil. Dünyada “jandarm” rolunu oynayan bir dövlət başçısının iki yüzdən artıq ölkə arasında sadəcə Azərbaycan rəhbərliyinə təbrik ünvanlaması rəsmi Bakıya verilən önəmdir”. 

Siyasi şərhçi bəyan edib ki, Baydenin Türkiyəyə münasibəti də sərt deyil:

“Baydenin hakimiyyətindən sonra Türkiyə və İsrail arasında gərginlik nisbətən yumşaldı. Fransa prezidentinin Türkiyə lideri ilə görüşləri baş tutdu və qarşıdurma səngidi. Əgər Bayden Ankaraya qarşı sərt mövqedə olsaydı, Türkiyəyə yönəlik bütün təzyiq rıçaqlarını işə salar, gərginlikləri körükləyərdi. Deməli, Ağ Ev rəhbəri NATO-dakı ən yaxın müttəfiqinə qarşı koalisiya yaratmaq niyyətindən uzaqdır. Hazırda siyasi sferada Türkiyəyə təzyiqlərin yumşaldığının şahidiyik.

Hətta Yunanıstanla yaranmış problem də belə Vaşinqton Afinanın deyil, Ankaranın yanında yer aldı. Görünür, Amerika Türkiyənin Cənubi Qafqaz regionunda zəifləməsini qətiyyən istəmir.

Ümumiyyətlə, indiki şəraitdə ABŞ üçün Azərbaycan və Türkiyə daha maraqlı və cəlbedicidir, nəinki kasıb və məğlub Ermənistan.

Düzdür, Vaşinqton Ermənistanı Rusiyanın təris dairəsindən çıxarmağa çalışır, amma reallıqda bunun qeyri-mümkün olduğunu bilir. Həm də Azərbaycan və Türkiyə regionda yeni güc mərkəzi formalaşdırır, türk dünyasını birləşdirmək üçün ciddi addımlar atırlar.

Burada iqtisadi faktorlar, Qərb ölkələrinin enerji asılılığı məsələləri də var. Şübhə yox ki, konqresmenlərin cəhdləri əvvəlkilər kimi fiaskoya uğrayacaq”.