Dünyanın gözü Ukraynaya dikilib

Silahlar işə düşsə bütün güc mərkəzləri meydanda olacaq

"Kiyev daha çox Rusiyanın mövcud imkanlarını kəşf etməyə, Moskvanın hansı silahları işə salacağını öyrənməyə cəhd göstərir"
 
Ukraynanın Donbas vilayətində vəziyyət yenidən gərginləşib və Rusiya sərhədə əlavə hərbi birliklər cəmləyib. Rusiya Ukrayna ilə sərhədə və Donbasa 25 batalyon yığıb. Daha 25 batalyon da gətirilir. Bütün sərhəd boyu mövqelərə snayperlər və kəşfiyyat qrupları yerləşdirilib. Ukrayna prezidenti NATO-nu hava hucumundan müdafiə etmək üçün birgə döyüş təliminə başlamağa çağırıb.

Rəsmi Kiyev Moskvanı razılaşmanı pozmaqda ittiham edib. ABŞ, Avropa Birliyi, NATO bir-birinin dalınca Ukraynaya dəstək bəyanatları verir, Kiyevi tək qoymayacaqlarını bəyan edirlər. Dünən Ukrayna ordusu Şumi, Piski və Svitlodarsk qəsəbələrini, Donetsk hava limanı və Trudovskaya kömür şaxtasını bombalamağa başlayıb. Bəzi ekspertlər müharibənin başlayacağını iddia edirlər. Artıq beynəlxalq diplomatiya diqqətini bu gərginliyə yönəldib. Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirib ki, hərbi təlimlər və sərhəddə mümkün təxribatlar formatında əzələ oyunu Rusiyanın ənənəvi üsuludur. Zelenskinin sözlərinə görə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: “Ukrayna bütün təxribatlara hazırdır”.

“Donbas məsələsi ABŞ-la Rusiyanı üz-üzə qoyub”

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Ukraynanı tək qoymayacaqlarını, Rusiyanın aqressiv addımlarına imkan verməyəcəklərini açıqlayıb. Bu məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Ukrayna Müdafiə naziri Andrey Taran amerikalı həmkarı ilə telefon danışığında Ostin belə deyib. Ostin Ukraynaya dəstək verəcəklərini təsdiqləyib. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın müdaxilə edəcəyi təqdirdə Rusiyanın səssiz qalmayacağını açıqlayıb: “ABŞ Ukraynaya ordu göndərərsə, bu, Rusiyanın sərhədləri yaxınlığında gərginliyin artması ilə nəticələnə bilər. Bu vəziyyətdə Rusiya təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atacaq”. Peskov Donbasda vəziyyətin qorxulu olduğunu da qeyd edib və Ukrayna tərəfini atəşkəsi pozmaqda ittiham edib.

“Rusiyanın əlindən müharibə variantını almalıyıq”

Ukrayna baş nazirinin müavini Aleksey Reznikov deyib ki, Kiyev Donbas konfliktinin həlli ilə bağlı siyasi-diplomatik varianta əməl etməyə davam edəcək: “Bu gün yeganə normal variant siyasi diplomatik yoldur. Bu, bütün ölkələr tərəfindən sanksiyaların gücləndirilməsi deməkdir. Rusiya üçün Donbasdakı müharibə sərfəli olmaqdan çıxmalıdır”. Gərginlikdən sonra ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova zəng edib. Millinin Ukrayna ordusunun komandanı Ruslan Xomçaka da zəng etdiyi bildirilib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays isə deyib ki, Vaşinqton Rusiyanın Ukraynanın şərqindəki addımlarından narahatdır: “Rusiyanın Ukraynanın şərqindəki addımları ötən ilin iyulunda ATƏT-in vasitəçiliyi ilə əldə olunmuş sabitliyi pozur. Bundan başqa biz rus hərbi birləşmələrinin Ukrayna sərhədindəki fəaliyyətləri ilə bağlı ukraynalı hərbçilərdən məlumatlar alırıq. Vaşinqton artan gərginlik və atəşkəs rejiminin pozulması ilə bağlı narahatlıqlarını NATO-dakı müttəfiqləri ilə müzakirə edir”. 

“Donbasda savaş başlasa, Ukrayna məhv olacaq”

Rusiya Xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Donbasda savaş başlasa, Ukrayna məhv olacaq: “Vladimir Putin bir müddət əvvəl söyləmişdi, lakin bu sözlər indi də keçərlidir. Donbasda yeni müharibə başlatmağa cəhd edənlər Ukraynanı məhvə sürükləyir. Ümid edirik ki, Qərb siyasətçiləri Ukraynanı Donbasda yeni savaşa təhrik etməyəcək. Hərbçilər müharibə başladılması ilə bağlı intensiv fəaliyyətlərin zərərini anlayırlar”. 

“Hazırda genişmiqyaslı müharibədən söhbət getmir. Kiyev daha çox...”

Tərəflər arasındakı gərginliyi “Şərq”ə təhlil edən politoloq İlqar Vəlizadə deyib ki, 44 günlük müharibədən sonra Ukrayna Donbasla bağlı siyasətinə əl gəzdirmək qərarı alıb. Ekspertin sözlərinə görə, Kiyevin müharibəyə hazırlığı açıq-aydın gözə çarpmaqdadır:

“Ukrayna bir müddət əvvəl Türkiyədən PUA-lar əldə etmək niyyətini açıqlayıb. Kiyevi ürəkləndirən amillərdən biri Amerikada hakimiyyət dəyişikliyinin baş verməsi, Rusiyaya daha sərt münasibət sərgiləyən Co Baydenin hakimiyyətə gəlməsidir. Ukrayna yaranmış geosiyasi vəziyyətdən istifadə edərək, həm də Azərbaycanın təcrübəsindən yararlanaraq, Donbasda hərbi-siyasi sahədə irəliləyişə nail olmağa çalışır. Bəllidir ki, Ukrayna ordusu birbaşa Rusiya Silahlı Qüvvələri ilə müharibə aparmaq gücündə deyil. Ona görə də Kiyev ABŞ və NATO-nu da hərbi əməliyyatlara cəlb etmək üçün əlindən gələni edir. Bölgədə gərginliyi saxlamaqla, dünya aktorlarının diqqətini bu məsələyə çəkmək istəyirlər. Hesab edirlər ki, Rusiyaya təzyiqləri ancaq bu şəkildə artırmaq mümkündür”. 

İ.Vəlizadə vurğulayıb ki, hazırda genişmiqyaslı müharibədən söhbət getmir. Kiyev daha çox Rusiyanın mövcud imkanlarını kəşf etməyə, Moskvanın hansı silahları işə salacağını öyrənməyə cəhd göstərir:

“Burada əks-hücum taktikasından söhbət gedir. Ukrayna ATƏT çərçivəsində diplomatik yolla Moskvaya təzyiq edilməsinə çalışsa da, Ermənistan buna imkan vermədi.

Məsələ ondadır ki, Ukrayna savaş başlatmaq üçün kompleks şəkildə uzunmüddətli hazırlıq görməyib. Azərbaycan 30 ilə yaxındır ki, hərbi və diplomatik müstəvidə ciddi hazırlıq görürdü.

Bir çox ölkədən müasir silah-sursat alırdı, mütəmadi hərbi təlimlər keçirirdi. O baxımdan, Ukraynanın qısamüddətli və tələsik hazırlığının yarımçıq olduğunu və nəticə verməyəcəyini düşünürəm.
Ən yaxşı halda dünya ictimaiyyətinin Ukraynaya diqqəti artacaq və sözlü dəstək veriləcək. Bu isə heç nəyi həll etmir”.