Kremldən Paşinyana üstüörtülü dəstək hiss olunur

Çünki erməni xalqının əhəmiyyətli hissəsi baş nazirin hakimiyyətdə qalmasının tərəfdarıdır 

Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvaya səfər edəcək. Baş nazirin Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi deyilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, görüş zamanı ilk növbədə Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi müzakirə olunacaq. Habelə Putinin bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyi Cənubi Qafqazın nəqliyyat infrastrukturunun blokadadan çıxarılması ilə bağlı məsələlərə toxunulacaq. Putinin sözçüsü görüşün ikitərəfli formatda olacağını vurğulayıb. 

Görüşlə bağlı fikirlərini “Şərq”ə danışan politoloq Azər Qasımov deyib ki, Ermənistanda vəziyyət gərgin olsa da, sorğulara əsasən, Paşinyanın partiyası liderlik edir. Bu da onu göstərir ki, erməni xalqının əhəmiyyətli hissəsi Paşinyanın hakimiyyətdə qalmasının tərəfdarıdır. Analitikə görə, bu reallığı görən Rusiya Paşinyanın hakimiyyətdə qalmasına etiraz etmir:

“Bu dəstəyin seçki öncəsi bilavasitə Paşinyanın özünə deyilməsi və yenidən seçilməsinə şərait yaradılacağı mesajının verilməsi üçün görüş şərtdir. Hesab edirəm ki, qarşılıqlı müzakirə predmeti Ermənistan ordusunun yenidən bərpa olunmasıdır. Rusiya rəsmiləri bunun mesajını tez-tez verirlər. Digər vacib məsələ Azərbaycanla imzalanmış son müqavilələrin icrası yönündə Rusiyanın Ermənistana verəcəyi dəstəyin pərdə arxasında müzakirəsidir. Məlumdur ki, Rusiya hər iki tərəfə dost görünsə də, daha çox Ermənistanı bu məsələlərdə önə verib öz maraqlarını güdmək üçün çalışır, öz fikirlərini Ermənistanın ağzı ilə deyir. Bu, Qarabağın “statusu”, rus sülhməramlılarının fəaliyyəti kimi məsələlərdə özünü büruzə verir. Başlıca olaraq, Azərbaycanla gözlənilən görüş öncəsi qarşılıqlı addımlarını dəqiqləşdirmək istəyirlər”.

Siyasi şərhçiyə görə, son günlər “İsgəndər” raketləri ilə əlaqəli məsələnin yenidən gündəmə gəlməsi də görüşü şərtləndirən əsas amillərdəndir:

“Azərbaycan tərəfi Rusiyanın fəaliyyətindən narazıdır və müəyyən üsullarla həm Moskvaya, həm də Yerevana mesaj verir. “İsgəndər” məsələsinin yenidən gündəmə gəlməsi Rusiyaya mesaj xarakterli olmaqla yanaşı, həmçinin, Paşinyana üstüörtülü dəstəkdir”.