Sensasion iddia: "Şuşaya "İsgəndər”i rus hərbçisi atıb"

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov jurnalistlərə açıqlama verib. O, agentliyin Şuşada apardığı təmizləmə əməliyyatı zamanı martın 15-də iki müxtəlif yerdən raket qalıqları aşkar olunduğunu deyib. İ. İsmayılov, həmçinin bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərindəki 9M723 indeks kodu yoxlanılıb: "Məlum olub ki, bu, "İsgəndər" Operativ Taktiki Raket Komleksindən atılmış raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafə aşkarlanıb. Son aparılan araşdırmalar nəticəsində aşkarlananların "İsgəndər-M" raketinin qalıqları olduğu qənaətinə gəlinib".
Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafda ilkin tədqiqatlar keçirilməkdədir.
“İsgəndər” raketi ətrafında müzakirələr isə səngimək bilmir. Hər halda düşmənin işidir…

 Bu barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Vərdiyevin fikrincə, raketi erməni hərbçisi atmayıb:

“Ermənistanın sözegedəb raketlərdən istifadə edə bilən hazırlıqlı ekipajı yoxdur. 2016-cı ildə əldə edilən bu silahlar müxtəlif vaxtlarda təlimlərə cəlb olunsa da, nə vaxtsa onlardan sınaq atəşi açılmayıb.

Həmçinin Ermənistanın hərb məktəblərində həmin silahdan istifadə qaydası öyrədilmir. Odur ki, fikrimcə, raketi rus hərbçisi atıb.

Ola bilsin, o, rus ordusunda konkret vəzifədə xidmət edib, tərxis olunduqdan sonra Ermənistan silahlı qüvvələrində fəaliyyətə başlayıb. Bu variantı istisna etmirəm. Çünki müharibə vaxtı da gördük ki, Ermənistan ordusunun pilotlarının əksəriyyəti rus idi. Raketlərin hardan atılması isə o qədər də əhəmiyyətli deyil.
Uzaqmənzilli bu silahları daşımaq, bir yerdən başqa yerə aparmaq çox asandır”.