FAKT var ! - “...Şuşanı “İsgəndər”lə vuran birbaşa Rusiyadır” – Gizlinlər açılır

“Rusiya Ermənistana bu silahları öz hərbi bazasının nəzdində yollayıb”

“Və bu zaman idarəetmə hüququ birbaşa Rusiya ordusuna aid olur”

“Rəsmi Moskva Azərbaycandan üzr istəməli, oyuncaq dövlət və tarixi müttəfiqi Ermənistanı cəzalandırmalıdır”

“Bu, ölkələrin, ən başda Azərbaycanın suveren hüquqlarının tapdanması, beynəlxalq hüquq və sistemin qaydalarına qarşı cinayətdir”


Azərbaycan-Rusiya- Ermənistan üçlüyündə gündəmin əsas mövzusu, şübhəsiz ki, “İsgəndər” raketləri ilə bağlıdır. Ortada fakt var: Azərbaycana qarşı bu silahdan istifadə edilib. Amma cinayətin(!) müəllifi kimdir- Ermənistan, yoxsa Rusiya? Məsələ ondan ibarətdir ki, tərəflərdən biri digərini ittiham edir. Əlbəttə, raketi kimin atması bizim üçün ikinci dərəcəli məsələdir. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da...Həm də Kremldən icacəsiz nəfəs ala bilməyən Ermənistanın belə bir addımı, düzü, təəccüblüdür.



 Hərbi-siyasi ekspert Həşim Səhrablı mübahisəli mövzu ətrafında fikirlərini “Sherg.az”la bölüşdü:

“İsgəndər” raketlərinin istifadəsi məsələsi anidən ortaya çıxmadı. Sadəcə müzakirələr qəfildən sürətləndi. Hər kəs bütün bunların hansısa siyasi məqsədlərə xidmət etdiyini düşünür.  Əslində isə “İsgəndər”lərlə bağlı problem acı bir reallıqdır. Axı bu silahlar birbaşa Azərbaycana qarşı istifadə edilib. Müzakirələr də əsasən o nöqtədə davam edir ki, beynəlxalq müstəvidə satışı və istifadəsi qadağan olunmuş silahlar necə olur ki, istehsalçı ölkə olmayan Ermənistan tərəfindən istifadə edilib? Ümumiyyətlə, hansı tərəfin atmasından asılı olmayaraq, qadağan olunmuş silahın istifadəsi nə üçün reallaşdırılıb?! Xatırlayırsınızsa, Şuşanın işğaldan azad edilməsinin ardından Bakıya da “İsgəndər raketləri atıldığı iddia edilmişdi. Yeri gəlmişkən, bu sualın cavabı indiyədək tapılmayıb. Bakı ətrafındakı müzakirələri kənara qoysaq, yaxın günlərdə ANAMA-nın Şuşada tapdığı iki “İsgəndər” də raketlərin istifadəsini fakt olaraq ortaya qoyur. Bundan əvvəlki müzakirələr versiya və nəqli iddialar üzərində qurulurdu. Ancaq artıq müzakirələr real faktlara söykənir”.

H.Səhrablının sözlərinə görə, məsələ Moskva və İrəvan arasında münasibətlərə də təsirsiz ötüşməyib:

“Üstəgəl, Ermənistan baş naziri Nikol Paşinyan fevralda açıq-aşkar qeyd etmişdi ki, “İsgəndər” raketləri istifadə edilsə də, vəd olunan nəticəni verməyib və sadəcə 10%-lik partlama ilə yadda qalıb. Bu açıqlamanın üzərindən qısa zaman keçmişdi ki, Rusiya dövlətinin ən yüksək çinli məmurları Paşinyanın iradlarını yalanladılar. Hətta açıqlama iki ölkə arasında böhrana da səbəb olmaqdaydı. Rusiyadan gələn kəskin etirazların ardından bəzi erməni generallar da Paşinyana irad bildirib, rəsmi Moskvanı müdafiə etmişdilər. Baş nazir isə  təzyiqlərə dözməyib təxminən bir həftə sonra yanlış məlumatlandırıldığını deyərək məsələnin böyüməsini əngəlləmişdi. Ancaq nə Rusiya, nə də Ermənistan rəsmiləri raketlərin istifadə edilməməsi barədə heç bir fikir səsləndirmirdi. Bu, özü Azərbaycana qarşı “İsgəndər” raketlərinin istifadəsini sübut edirdi. Lakin yenə də dəlil yox idi”.

Ekspert mövcud ehtimalları belə qiymətləndirdi:

“Faktlar məhz ANAMA-nın tapıntılarıdır. Həm də bu tapıntılar “İsgəndər” raketlərinin fərqli növlərindən biri olan "M" tipli raketlərə aiddir. Bu raketlər mahiyyəti etibariylə daha sarsıdıcı, 500 km məsafəni vurmaq qabiliyyəti olan və beynəlxalq müstəvidə satışı, istifadəsi və yayılması qadağan edilmiş silahdır. Rusiyanın Ermənistana “İsgəndərlər”i yollaması barədə ilk fikir səsləndirildiyi zamanlar da məhz "M" tipli raketlərin qadağan edilməsi səbəbiylə, "E" tipli raketlərin tədarükü müzakirə mövzusu idi. Bəs necə olur ki, Şuşada tapılan qalıqlar "M" tipli raketlərə aiddir olur? Deməli,  iki versiya mövcuddur. Birincisi, Rusiya Ermənistana bu silahları öz hərbi bazasının nəzdində yollayıb. Və bu zaman idarəetmə hüququ birbaşa Rusiya ordusuna aid olur. İkincisi isə, Ermənistan ordusu həmin raketləri Rusiya ordusunun arsenalından müəyyən yollarla "çıxarıb", yəni oğurlayıb. Birinci versiyada, Azərbaycanı “İsgəndər”lə vuran birbaşa Rusiyadır.

Onsuz da  müharibənin ilk günlərindən Rusiya hər vəchlə əməliyyatların dayandırılmasını və "status-kvo"nun qorunmasını zəruri bilirdi. Rusiya rəsmiləri məsləhət görürdü ki, 30 illik danışıqlar oyunu davam etsin.

Elə bu səbəbdən də  Azərbaycanın qərarlı addımlarını görən Kreml əməliyyatları dayandırmaq üçün alternativ yollar axtarışında idi. Ola bilsin, belə yol kimi “İsgəndər” raketlərinin istifadəsini uyğun görüb. Dövlətlərin ilk məqsədi xalqın təhlükəsizliyini təmin etməkdir.

Rusiya hesablamış olmalıdır ki, Azərbaycan bu hal qarşısında təhlükəsizlik məsələlərini üstün tutacaq, hərbi əməliyyatları atəşkəs qərarı ilə əvəzləyəcək.

Yox əgər, ikinci versiya yaşanmışsa, yəni Ermənistan ordusu hansısa formada Rusiya ordusunun arsenalında olan raketləri istifadə edibsə, bu, ilk növbədə Rusiya adına utancdır. Eyni zamanda rəsmi Moskva buna səssiz qalmaq yerinə, Azərbaycana hesabat verməli, Azərbaycandan üzr istəməli, oyuncaq dövlət və tarixi müttəfiqi Ermənistanı cəzalandırmalıdır. Bu məsələ nə xırda siyasi krizdir, nə də dövlətlərin üstündən keçəcəyi sıradan haldır.

Bu, ölkələrin, ən başda Azərbaycanın suveren hüquqlarının tapdanması, beynəlxalq hüquq və sistemin qaydalarına qarşı cinayətdir. Cinayəti kim işlədib- Rusiya ya da Ermənistan olmasından asılı olmayaraq, məsuliyyətini və cəzasını çəkməlidir”.