Yeni versiya: “İsgəndər M” Şuşaya 102-ci bazadan atılıb? - Cavab Moskvadadır!

“ANAMA-nın Şuşaya atılan raketin “İsgəndər M” olduğunu açıqlaması bəzi suallar yaradıb. Ermənistanda “İsgəndər E”, yoxsa “İsgəndər M” raket kompleksləri var?”. 
“Sherg.az” xəbər verir ki, bu sözləri siyasi şərhçi, araşdırmaçı-jurnalist Asif Nərimanlı sosial şəbəkədə yazıb. 
Analitik bildirib ki, Ermənistanda “İsgəndər E” raketi var. Onun sözlərinə görə, bu raket 2016-cı ilin sentyabrında İrəvanda keçirilən hərbi paradda nümayiş olunmuşdu: 

“Həmin vaxt raketlərin "E", yoxsa "M" olduğu müzakirəsi edilsə də, ruslar "E" olduğunu deyirdi. Şuşadan “İsgəndər M” raketinin qalıqlarının tapılması bunun əksi olan versiyanı önə çıxarır.


Ruslar Ermənistana “İsgəndər M” verib. Hərçənd, “İsgəndər M” raketlərinin dəyərini, raketin Rusiya üçün strateji əhəmiyyətini nəzərə aldıqda 2020-ci ilə qədər satışını nəzərdə tutmadığı kompleksi Ermənistana 2016-cı verməsi inandırıcı görünmür.

Ermənistanda “İsgəndər M” yoxdursa və Şuşaya məhz bu raket atılıbsa, bunu kim və haradan ata bilər?! “İsgəndər M” raketlərinin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında olduğuna dair məlumatlar var. Məqsəd Kalininqradda olduğu kimi, Cənubi Qafqazda da NATO-ya qarşı müdafiə zolağının yaradılmasıdır”.

A.Nərimanlının fikrincə, Ermənistanın “İsgəndər M” raketinə sahib olmadığını, bölgədə “İsgəndər M”in Rusiya və Gümrüdəki rus bazasında olduğunu düşünsək, Şuşaya raketin 102-ci bazadan atıla biləcəyi versiyası aktuallaşır: 

“Paşinyanın “İsgəndər” raketinin cəmi 10 faizi partlayıb açıqlaması Rusiya və rusların dəstəklədiyi opponentlərinə əks-hücum olsa da, “bu raketdən tək mən atmamışam” kimi də oxuna bilər. Suallar çoxdur və cavablar yalnız Moskvadadır...
ANAMA-nın “İsgəndər M” faktını açıqlaması isə Bakının proseslərin inkişafını maraqlarına yönəltməyə hesablanmış manevrlərindən xəbər verir. Və Azərbaycan prezidentinin Putinlə telefon danışığı bu kontekstdə təsadüfi deyil...”