Neftin qiyməti 50 ABŞ dollarından aşağı düşən deyil -  İqtisadçı

Dünya miqyasında iqtisadi aktivlik artdığı üçün neftə tələbat genişlənməkdədir

“OPEC+ ölkələri may ayından etibarən neft hasilatını mərhələli olaraq artırmaq qərarına gəliblər”. 

“Sherg.az” xəbər verir ki, bu sözləri iqtisadçı Pərviz Heydərov sosial şəbəkə hesabında yazıb. 

Ekspert bildirib ki, bu xəbər neftin dünya bazar qiymətlərini nisbətən aşağı salacaq: 

“Ancaq bu, nə qədər davam edəcək deyə bilmərəm. Hər halda, neftin qiyməti 50 ABŞ dollarından aşağı düşən deyil. Bu, heç bir neft hasilatçısı olan ölkə üçün sərfəli deyil. Sadəcə olaraq, dünya miqyasında iqtisadi aktivlik artdığı üçün neftə tələbat genişlənməkdədir. Odur ki, təklifi artırmaq tələb olunur. Çünki neftin çox baha olması dünya iqtisadiyyatı üçün sərfəli deyil. O zaman hər şey bahalaşmalı olur. Mənə elə gəlir ki, hər şey pandemiyanın sovuşma dərəcəsindən asılı olacaq. İqtisadi fəallıq dünya çapında hələki tam bərpa olunmayıb. Bunun dəqiq vaxtı da bilinmir. Odur ki, neftin qiməti ilə bağlı proqnoz vermək çox çətindir. Ancaq arxayınlaşdırıcı məqam və faktor ondan ibarətdir ki, “OPEC+” ölkələri istənilən şəraitdə qiymətləri idarə etmək, tənzimləmək qabiliyyətində və gücündədir. Bu, çox mühüm amil və göstəricidir. Demək istədiyim odur ki, hasilat artırılsa belə, qiymətlər çox da dəyişən və düşən deyil. Hər halda Azərbaycan hökuməti bu il üçün dövlət büdcəsində qiyməti yaxşı həddə götürüb - 40 dollar səviyyəsində. Ucuzlaşma baş versə belə, qiymət səviyyəsi 40 dollara düşən deyil...”.