"Kamal Kılıçdaroğluna siyasi əxlaq dərsi keçilməlidir" - AKP sözçüsü

"CHP rəhbərliyi Türkiyə Cümhuriyyətinin başqanını tənqid etdiyi qədər terroru, ölkənin düşmənlərini hədəf almır"

Türkiyənin hakim partiyası olan AKP sözçüsü Ömer Çelik ana müxalifət sayılan – Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib. 

“Sherg.az” Türkiyə məbtuatına istinadən xəbər verir ki, Çelik Kılıçdaroğlunun prezident Rəcəb Tayyib Ərdoğanı və hökuməti “xaraktersiz” adlandırmasını qeyri-etik adlandırıb və siyasətdə bu cür ifadələrin yolverilməz olduğunu bildirib. 

Çelik deyib ki, belə sözlər müxalifət vasitəsi deyil, siyasi əxlaqa savaş açmaqdır: 

“Milli iradəni təmsil edən strukturların bu cür çirkin şəkildə təhqir olunması təəssüf doğurur. Görünür, məlum şəxs siyasi xarakterin nədən ibarət olduğunu bilmir. O cür adamlara siyasi əxlaq dərsi keçilməlidir. Çox utancverici bir durumdur. Çünki CHP rəhbərliyi Türkiyə Cümhuriyyətinin başqanını tənqid etdiyi qədər terroru, ölkənin düşmənlərini hədəf almır. Müxalifətin özlərinə sadəcə Ərdoğanı hədəf görmələri məyusedicidir. Heç kim xaricdəki qərəzli dairələrin dili ilə ölkənin başında duran şəxsi təhqir edə bilməz”.