Azərbaycanlı siyasətşünaslar da geosiyasət nəzəriyyələri yaratmalıdırlar - Politoloq

 "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini həll etməsi, regionda qlobal əhəmiyyətli yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdırması, heç şübhəsiz, siyasətşünaslar qarşısında da yeni strateji vəzifələr müəyyən edib" .

Bu sözləri politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında deyib. O qeyd edib ki, bunlardan biri siyasət nəzəriyyəsi və beynəlxalq münasibətlərin tədqiqi ilə məşğul olan alimlərin cari reallıqlara əsaslanan və perspektivə hesablanmış yeni geosiyasi konsepsiyalar və geosiyasət nəzəriyyələri üzərində çalışmasıdır:

"Şübhəsiz ki, bu, həm azərbaycanlı tədqiqatçıların dünya geosiyasət elminə mühüm töhfəsi olar, həm də beynəlxalq münasibətlərin araşdırılması ilə məşğul olan yerli və xarici alimlər üçün əhəmiyyətli elmi-konseptual mənbə qismində çıxış edər. 

Nəzərə almaq gərəkdir ki, bu zamana qədər dünya siyasətinin və beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətlərinin, güc mərkəzi kimi çıxış edən ölkələrin siyasətşünas-alimləri çoxsaylı geosiyasət nəzəriyyələri ərsəyə gətiriblər".  

Politoloq hesab edir ki, tarixi ədaləti bərpa edən mürəkkəb geostrateji şərtlər fonunda siyasi-diplomatik və hərbi üstünlüyünü təmin edərək uzun illər regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan münaqişənin həllinə nail olan Azərbaycanın alimlərinin adekvat geosiyasət nəzəriyyələr yaratması mənəvi-ideoloji-siyasi zərurətə çevrilib.