Ramazan ağılları qarışdırdı: Aprelin 13-ü, yoxsa 14-ü?


Ramazan ayına sayılı günlər qalır. Və yenə də suallar, fərqli tarixlər ortaya çıxır.   Qafqaz Müsəlmanları İdarəsinin 2021-ci ilin aprel ayı üçün təqdim etdiyi, hicri-qəməri təqvimi ayları və gündəlik namaz vaxtları əks olunan cədvəldə builki Ramazan ayının başlanğıcı 14 aprel tarixi göstərilir.

Yəni, bu il Ramazanın 1-i aprelin 14-dür. Aprelin 13-ü isə, deməli niyyət axşamıdır. İlk imsaq aprelin 14-ü olacaq və orucluq başlayacaq. Lakin Türkiyə Diyanet İşləri Başkanlığı bu il Ramazanın aprelin 13-dən başladığını elan edib. Diyanet Başkanlığının dini günlət təqvimində isə Ramazan 2021-in başlanğıcı 13 aprel 2021-ci il, həftənin çərşənbə axşamıdır.  Yəni, Türkiyədə ilk oruclar aprelin 13-də saxlanılacaq. Ramazan ayının son orucu isə mayın 12-də bitəcək. Ramazan bayramı isə mayın 13-də qeyd ediləcək.  Bizdə isə aprelin 14-ü başlayacaq və yəqn ki,  bayramı da mayın 14-ü elan edəcəklər. Oruc tutmağa niyyətlənənlər yenə çaşbaş qalacaq.

Cədbəllərdən göründüyü kimi bu il də Ramazan ayının başlanğıcı və başa çatmasıyla bağlı artıq adət etdiyimiz gün, zaman fərqi yaşayacağıq.  Bu məsələ neçə ildir, həllini tapmır. Aramızda əlimizi uzatsaq yetəcək qədər məsafə olan bir ölkə ilə Ramazan ayının başlanması tarixində nədən gün fərqi yarandığının düz əməlli izahını kimsə verə bilmir. Aranı sakitləşdirmək üçün din xadimləri asan üsul tapıblar: “ehtiyat vacibə görə 1 gün əvvəldən oruc tutun. Babalı bizim boynumuza. Bayramı da, özünüz bilin, kim 30 gün oruc tutubsa, bayram etsin, 29 gün tutanlar 1 gün artıq oruc saxlasın”. Əladı! Babalı onların boynuna.