Çin kimlərə borc verir? - TƏHLİL

Məşhur “Financial Times” dərgisinin ekspert qrupunun gəldiyi qənaət budur ki,  Çin inkişaf etməkdə olan ölkələrə münasib şərtlər daxilində kreditlər verir və bu siyasətini getdikcə genişləndirir. Digər dövlətlər və beynəlxalq maliyyə qurumları bu məsələdə Çinlə ayaqlaşa bilmirlər. Bu Çinə üstünlük qazandırır. Bu yanaşma, aşağı gəlirli ölkələrin borclarını azaltmaq səylərini pozmaqla təhdid edir. Hesabat müəllifləri Çinin bağladığı yüz müqaviləni təhlil ediblər və müqavilələrdə məxfiliklə bağlı bəndlərin olduğunu aşkar ediblər. Bəlli olub ki, digər borc verənlərin borcalanın həqiqi maliyyə vəziyyətini müəyyənləşdirməsini çətinləşdirir.

Bundan əlavə, bir sıra şərtlər borc alan ölkələrin daxili və xarici siyasətini təsir edir. Çin bankları borcları “Paris klubu” ilə əlaqələndirmir. Bu təşkilat borc alan ölkələrin borc verən ölkələrə olan dövlət borcunun tənzimlənməsi ilə məşğul olur.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Çin inkişaf etməkdə olan ölkələrin ən böyük suveren kreditorları siyahısında birinci yerdədir:

"Qlobal borc 2020-ci ildə rekord səviyyədə 281 trilyon dollara yüksəlib - bu qlobal iqtisadiyyatın özündən 3,5 dəfə böyükdür. Mütəxəssislər bir il yarım ərzində kreditlərin həcminin 300 trilyona qədər böyüyə biləcəyini söyləyirlər.

Ötən il borc rekord sürətlə 24 trilyon dollar artıb. Borc yükü artımının demək olar ki, yarısı inkişaf etmiş ölkələrin (ABŞ, Yaponiya, Avrozona, Böyük Britaniya, Cənubi Koreya) payına düşüb.

Çinin müxtəlif ölkələrə verdiyi borucn arxasında iqtisadi mənfəətlə yanaşı siyasi maraqlar var.

Aydındır ki¸ hansı ölkə ki, Çindən borc alır və ya bu ölkə ilə birgə layihə həyata keçirir, onun daxili işlərinə qarışmır, Tibet, Honkonq və ya uyğur mövzusuna toxunmur və ya tənqid etmir. Çinə də elə bu lazımdır. Ancaq Çindən borc alan kasıb ölkələr sonradan tələyə də düşə bilirlər.

Çünki, borc qarşılığında Pekinin tələbləri artır".