“İsgəndər”in aktuallaşması Kremlə mesajdır:“Silahın pisi, yaxşısı olmur”

“Hadisələrə baxış bucağı hadisənin həmin nöqteyi-nəzərdən izahını labüd edir. Şimal qonşumuzun İkinci Qarabağ müharibəsində rolunu iki yerə bölsək; Rusiya guya kefindən müharibəyə qarışmayıb, neytral qalıb və 2 məcburiyyətdən neytral qalıb kimi fikirlər irəli çıxır”. 
Bunları BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov yazıb. 

A.Qasımov məsələni daha ətraflı “Sherg.az”a şərh edib:

“Birinci fərziyyə tərəfdarları bu iddianı müdafiə edərək Rusiyanın maraqlarını açıq, ya gizli və Azərbaycanı Rusiya qarşısında zəif olduğu üçün hər hansı səbəbdən qorumaq istəyirdilər. İkincilər isə birbaşa Moskvaya meydan oxuyan, Azərbaycanın maraqlarını əslində yeni formasiyaya uyğun olaraq real qoruyan və Rusiyanın artıq əvvəlki Rusiya olmadığını bildikləri üçün daha praqmatik fikir irəli sürən qüvvələrdir. 


"İsgəndər" raketi məsələsi də bu iki qüvvənin mübahisə predmetinə çevrilib. Birincilər əgər rus və erməni fərq etməz, bu raketi işlətməsi məsələsinə Rusiyanın maraq prizmasından yanaşırlarsa, ikincilər buna Azərbaycanın maraq nöqteyi-nəzərindən baxırlar. Məsələnin yenidən gündəmə gəlməsi Kremlə mesajdır. Bu xəbəri gündəmə gətirən qüvvələrin də milliyönlü olduğu şübhəsizdir. 

“İsgəndər”in mahiyyət etibarı ilə yaxşı və ya pis silah olması mübahisə predmeti deyil, silahın yaxşısı olmur, biri partlamasa da, biri partlayır və bu, bəs edir.  Məsələ Rusiyanın bu silahla bütün Avropanı qorxu altında saxladığı üçün yaratdığı xofun fikrən dağılması və onun imicidir. Sovet dövründə də bu silahlar var idi. Amma Soveti dağıdan "fikir" və bu fikirlər sayəsində xalqların oyanışı oldu”.