“Beta Tea” çaylarının qiyməti bahalaşdı - Foto

“Beta Tea” çaylarının qiymətində bahalaşma müşahidə edilib. Əməkdaşlarımız məsələni dəqiqləşdirmək üçün bir neçə mağazada olublar. Əvvəllər 1.99 AZN-a olan çayın qiyməti indi 2.25 AZN-dır. Bahalaşmanın hansı səbəbdən qaynaqlandığı isə bilinmir. Hətta bu hal bəzi narazılıqlara da səbəb olur. 



İqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdəki qiymət artımını iqtisadi proseslərlə izah etmək çox çətindir. Onun sözlərinə görə, qiymət artımına təsir edən bir çox subyektiv səbəblər var:

“Bu, Gömrük Bəyannamə qiymətlərinin artılması və monopoliyadır. Sözügedən çay Azərbaycana xammal olaraq idxal olunur. Bunu onunla izah etmək olar ki, həmin çayın gətirildiyi ölkədə hər hansı bir limit var.

Çünki pandemiya dövründə bir çox ölkələr məhsullarına kvota tətbiq edir. Həm də artıq yaz mövsümüdür, anbarlarda olan məhsullar, bəlkə də, xammal olaraq tükənmək üzrədir. Bu zaman da qiymətlərdə artım müşahidə oluna bilər. Lakin Azərbaycanda qiymət artımı daha çox iqtisadi deyil, subyektiv səbəblərdən qaynaqlanır.

Hökümət qiymətin bahalaşması zamanı fiskal siyasətinə dəyişiklik etməli, idxal rüsmlarını azaltmalı və yaxud tamamilə ləğv etməlidir. Həmin məhsulun ölkə daxilində davamlı olması üçün iqtisadi fəaliyyət stimullaşdırılamlıdır”.