Prezident haqlıdır !- “Ölkədə su ilə bağlı problemlər var”

Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edib. Bu gün ölkə başçısı Z. Mikayılovu videoformatda qəbul edərkən onun qarşısında yeni vəzifələr qoyub.
Prezident söyləyib:
“Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik”.

Dövlət başçısı bildirib ki, dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir.
Ölkə rəhbəri qeyd edib ki, kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir.

“Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq.

Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq.

Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”.



Yeni təyinatla bağlı “Sherg.az”a danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, həqiqətən də ölkə başçısının qeyd etdiyi nöqsanlar var:

“Yeni sədrin üzərinə düşən əsas vəzifə yerlərdəki neqativ halların qarşısının alınmasına dair addımlar atmaqdır. Həqiqətən də ciddi problemlər var. Qarşıya müvafiq məqsədlər qoyulmalıdır.

Əhali arasında neqativ imic qazanan şəxslərin yerdəyişməsi və işini bilən kadrların çalışması lazımdır. Vəzifəyə gənc şəxslərin gəlməsi ilə dövlət sturukturlarına yeni nəfəslərin verilməsinə ehtiyac var.

Düşünürəm ki, əsas məsələ budur və ölkə başçısı da çıxışı zamanı həmin məqamları diqqətə çatdırıb”.