Sosial şəbəkələrin "hay-küyü" araşdırmaları arxa plana keçirib

Əvvəlki dövrlərə nisbətən bir qədər arxa planda qalan mətbuatın mühüm janrlarından biri də araşdırma jurnalistikasıdır. Ekspertlər bu janra marağın itməsinin səbəbini internet medianın inkişaf etməsində və operativ informasiya siyasətinə daha çox üstünlük verilməsində görürlər. Medianın nisbətən cavan növlərindən sayılan bu janrın yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. Ötən dövr ərzində janrın əsas xüsusiyyətləri və ona göstərilən tələblər formalaşıb. Bunlar araşdırma jurnalistikasının həm mövzu dairəsini, həm də aparılma metodikasını əhatə edib. Məsələ ondadır ki, jurnalist təhqiqatı onun müəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox təşəbbüs, iradə və ədalət tələb edir.

Ona görə ki, bu janrın əsas predmeti heç də adi hadisələr deyil, birbaşa cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır. Yaxın müddətə qədər "araşdırmaçı jurnalist” ifadəsi jurnalistlər arasında birmənalı qarşılanmırdı və bəzi narazılıqlara səbəb olurdu. Məlumdur ki, hər bir materialın yazılması üçün araşdırma mütləqdir, çünki araşdırma bu peşənin ayrılmaz hissəsidir. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyəti deməkdir. Hər hansı xəbərin qələmə alınmasından əvvəl az və ya çox dərəcədə bir araşdırma fəaliyyəti dövriyyəyə girir. Artıq bu janrla bağlı ziddiyyət yoxdur və KİV nümayəndələri belə bir sahənin mövcudluğunu qəbul edirlər. Təbii ki, bütün gizli məqamları tam açıqlamaq hər zaman mümkün olan proses deyil. Bununla yanaşı, cəhdin özü müəyyən gizli faktların açıqlanması və ya fərqli baxışların formalaşması üçün şərait yaradır. Hadisələri təfərrüatı ilə öyrənə bilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma aparma jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan hər jurnalistin araşdırmaçı jurnalist olduğunu söyləmək mümkündür. Ancaq jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir. Ekspertlərin fikrincə, araşdırmaçı-jurnalist çox təcrübəli olmaqla, bir detektiv həssaslığı ilə detalları izləməyi bacarmalıdır. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidəni göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, məlumat işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti arasında fərq də var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalardandır. Araşdırmaçı-jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdır.


Ümumən jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. İstər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir. Dünya jurnalistika tarixində araşdırma mediaya aid edilən ilk nümunələr məhz peşəkar yazarların qələminin məhsuludur. Amerika jurnalistikasında Mark Tvenin məqalələri, fransız jurnalistikasında isə Emil Zolyanın "Dreyfus işi” ilə bağlı publisistik yazıları araşdırma-jurnalistikasına nümunə çəkilir. Rus jurnalistikasının ilk araşdırma məhsulu isə A.S.Puşkinin "Puqaçov üsyanı” əsəri hesab olunur. Türkiyə mediasında da araşdırma yazılar xüsusi önəm daşıyır. Hazırda Azərbaycan jurnalistikasında araşdırma dedikdə, kriminalla bağlı materiallar ön plana çıxır. Onun digər qolunu isə tarixi araşdırmalar təşkil edir.

Bir sıra media nümayəndələri araşdırma yazılarına olan marağın azalmasının səbəbləri barədə "Şərq"ə danışıblar. 

"Yenisabah.az" saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə "Şərq"ə açıqlamasında bildirib ki, onlayn media inkişaf etdikcə araşdırma yazılarına maraq azaldı. Baş redaktor qeyd edib ki, araşdırma yazıları onlayn media resurslarının formatına bir o qədər də uyğun gəlmir: "Biz informasiya əsrində yaşayırıq. İndi oxucunu daha çox son yeniliklər maraqlandırır. Hadisənin təfərrüatı, bədii təsvir heç kimə lazım deyil. Onlayn media resursları arasında İP uğrunda amansız savaş gedir. Hamı rəqibi qabaqlamaq istəyir. Araşdırma yazıları onlayn media resurslarının formatına bir o qədər də uyğun gəlmir. Bunun üçün qəzetlər, aylıq jurnallar var. Mən deməzdim ki, Azərbaycan jurnalistikasında ümumiyyətlə araşdırma yoxdur. Var. Amma oxucu auditoriyası məhduddur".

S.Verdizadə əlavə edib ki, KİV-lər özləri araşdırma yazılarına çox da maraq göstərmirlər:

"Araşdırma yazmaq peşəkarlıq, təcrübə və vaxt tələb edir. Bəzən bir mövzunu araşdırmaq üçün bir ay vaxt lazım gəlir. Hansı KİV-in jurnalistə bir yazı üçün bir aylıq məvacib ödəmək imkanı var? Redaksiyaların maddi-texniki bazaları zəif olduğu üçün mətbuatda araşdırma yazıları çox az gözə dəyir. Başqa bir problem isə odur ki, Azərbaycanda mənbələrin əksəriyyəti jurnalistlərin üzünə qapalıdır. Biz bir nazirin məzuniyyətdə, yoxsa ezamiyyətdə olduğunu dəqiqləşdirmək üçün bəzən iki gün vaxt sərf edirik. Ümumiyyətlə, obyektiv və subyektiv səbəblər ölkəmizdə araşdırma jurnalistikasının inkişafını əngəlləyir".

"Pia.az" saytının baş redaktoru, tanınmış jurnalist Azər Qaramanlı "Şərq"ə açıqlamasında  diqqətə çatdırıb ki, doğrudan da ciddi reportajlar, araşdırma yazıları Azərbaycan mətbuatında getdikcə azalır, hətta yoxa çıxıb:

"Mənə görə bunun bir çox səbəbləri var. Səbəblərdən biri və birincisi, artıq sosial media vasitəsi ilə informasiya birbaşa insanların, necə deyərlər, cibinə getməsidir. Bu zaman da informasiyanın yığcam olması xüsusi önəm daşıyır. Buna görə də araşdırma yazılara tələbat da azalır. Əvvəllər qəzetlər ciddi araşdırmalarla oxucuların maraqlarını təmin edirdi. İndi isə bu tələbat ortadan qalxıb. İnformasiya axını o qədər böyük və intensivdir ki, artıq insanların uzun araşdırmalar oxumağa zamanı da yoxdur. Bu üzdən də qəzet mətbuatı artıq öz populyarlığını itirib. Bu faktor mətbuatın peşəkarlığını hər gün bir az daha öldürür. Onu da qeyd edim ki, araşdırma yazıların ortadan qalxması mətbuatı bayağılaşdırıb. Həm də xəbərçilik, İP yarışında o qədər lüzumsuz xəbərlər istehsal olunur ki, buna artıq jurnalistika da demək olmur. Və deyim ki, hazırda çox dayaz və təməl prinsiplərə uyğun olmayan bir jurnalistika formalaşmaqdadır. Bu prossesin qarşısı alınmazsa, mən Azərbaycan jurnalistikasının gələcəyini heç də yaxşı görmürəm". 
A.Qaramanlı hesab edir ki, hər şeydən əvvəl böyük saytların rəhbərləri mövcud duruma görə günahkardırlar: "Çünki məhz İP savaşı naminə onlar mətbuatın bu qədər bayağılaşmasına yol açıblar. Və artıq demək olar ki, fəaliyyətlərini də sosial şəbəkələrə köçürüblər. Sözünü etdiyimiz böyük redaksiyalar ciddi araşdırma aparmaq potensiallarını dəyərləndirməli və bir qədər əziyyətli, hətta bahalı olsa belə, bütün sahələr üzrə araşdırma yazıları ilə oxucularını özlərinə cəlb etməlidirlər. Mən düşünürəm ki, mətbuatın xilas yolu da bundan keçir. Çünki araşdırmaçı jurnalist sözün bütün mənalarında peşəkardır. Ümid edirəm ki, böyük kollektivlərə sahib olan redaksiyalar bu gerçəklilərdən çıxış edərək sosial şəbəkələrin yaratdığı "hay-küy"dən kənarlaşaraq, Azərbaycan mətbuatının peşəkar məcraya dönüşünü təmin etmək üçün addımlar atacaqlar. Bu, Azərbaycan cəmiyyətində şəffaflığı təmin etmək üçün, həm də vətəndaş məsuliyyətinin artırılması üçün vacibdir".  

Araşdırmaçı jurnalist Kənan Rövşənoğlu "Şərq"ə açıqlamasında Azərbaycan jurnalistikasında araşdırma janrının arxa plana keçməsində internet medianın inkişaf etməsinin və operativ informasiya siyasətinin daha geniş yayılmasını əsas səbəb kimi görmür. O qeyd edib ki, araşdırma yazılarının azalmasının bir çox səbəbləri var ki, onlardan biri maliyyə imkanlarının az olması  ilə bağlıdır:

"Bildiyimiz kimi, geniş araşdırma vaxt tələb edir. Yəni bir jurnalist müəyyən bir müddət ərzində vaxtını həsr edib araşdırma aparmalıdır. Redaksiyalar isə bu qədər vaxt ayıra bilmir, çünki işçi heyəti azdır və araşdırma üçün yetərli maddi imkan olmur. Bu səbəbdən də redaksiyalar vaxt tələb edən geniş araşdırmalara maraq göstərmir".
K.Rövşənoğlu vurğulayıb ki, bütün dünyada araşdırma jurnalistləri təzyiqlə və müqavimətlə üzləşir: "Bizdə də köhnə illərdə araşdırma yazılara görə uzun-uzadı məhkəmə çəkişmələri olub. Buna görə də əksər redaksiyalar bu riski və təzyiqləri gözə almaq istəmir. Bəzən səbəblər arasında sosial medianın inkişafını göstərirlər. 
Məncə bu, səbəb deyil, sadəcə bəhanədir. Düzdür, sosial media xəbərin sürətini kəskin şəkildə artırıb, amma peşəkar medianı əvəz edə bilməz. Jurnalist araşdırmasını isə ümumiyyətlə, sosial media ilə bağlamaq olmaz. Əgər qeyd etdiyim maneələr aradan qalxsa, indi də yaxşı araşdırmalar ortaya çıxa bilər. Hər şey tələb və təkliflə əlaqədardır. Tələbat olsa indi də yaxşı araşdırma hazırlayacaq jurnalistlər var və tələb olarsa yeniləri də formalaşa bilər".