Ukraynaya qarşı yeni həmlələr gözlənilir

Nurlan Qələndərli: "Ukrayna yenidən Qərb və Rusiya arasındakı geosiyasi mübarizənin episentrinə çevrilib


Son günlər Ukrayna və Rusiya arasında gərginlik artmaqdadır. Xarici KİV-in yaydığı məlumatlara əsasən, ötən gün Ukraynanın Donbas vilayətində vəziyyət yenidən gərginləşib və Rusiya sərhədə əlavə hərbi birliklər cəmləyib. Bütün sərhəd boyu mövqelərə snayperlər və kəşfiyyat qrupları yerləşdirilib. Ukrayna prezidenti isə NATO-nu hava hücumundan müdafiə etmək üçün birgə döyüş təliminə başlamağa çağırıb.

"Şərq" olaraq Ukrayna və Rusiya arasında yaşanan gərginlik barədə politoloq Nurlan Qələndərli ilə söhbətləşdik. Müsahibəni təqdim edirik: 

- Nurlan bəy, hazırda dünya gündəminin əsas müzakirə mövzularından biri Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan hərbi-siyasi gərginlikdir. Bu barədə nə deyə bilərsiniz? 

- Bəli, hazırda bəhs olunan istiqamətdə yeni hərbi-siyasi hərəkətlənmələr müşahidə olunur. Tərəflər müxtəlif bəyanatlar səsləndirir. Məsələni fərqli rakursdan qlobal ictimai rəyə təqdim edirlər. Ekspertlərin üzərində durduqları nüans isə xeyli müddət əvvəl bu ölkə daxilində alovlandırılmış separatizm ocağının söndürülməsi cəhdləri ilə bağlı məsələdir. Əlbəttə, cərəyan edən proses lokal – məhəlli xarakter daşımır. Strateji tədqiqat mərkəzlərinin araşdırma və analitik materiallarında da əks olunduğu kimi, Ukrayna yenidən Qərb və Rusiya arasındakı geosiyasi mübarizənin episentrinə çevrilib. Söyləmək olar ki, beynəlxalq aləmin böyük həssaslıqla izlədiyi bu hadisələr dünyanın yenidən nizamlanması, Şərqi Avropa cəbhəsinə aid mürəkkəb proseslərin tərkib hissəsidir. 

- Ümumiyyətlə, qlobal güc mərkəzlərinin Ukrayna üzərindən strateji rəqabətə girməsi hansı amillərlə əlaqədardır? 

- Ukrayna həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə qlobal aktorların planlarında yer alan ölkələrdəndir. Klassik geosiyasi konsepsiyalarda ifadə olunduğu kimi, “heartland” (dünyanın qəlbi-idarəetmə məntəqəsi) önəmi kəsb edən nöqtələrdən olan Şərqi Avropada, beləliklə də, Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək, yaxud özünə tabe etmək uğrunda gərgin mübarizə aparırlar. Yəni geostrateji planlarda ifadə edilən “Şərqi Avropada üstün olan böyük ölçüdə Avrasiyaya hakim olacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək” strateji prinsip Ukrayna üzərindən baş verən proseslərin fonunda özünü göstərir. Bu gün Ukrayna faktiki olaraq Qərb və Rusiyanın geostrateji savaşının hərbi-siyasi plasdarmını təşkil edir. Təbii ki, bu, təsadüfi deyil... 

- Ayrı-ayrı məqamlarla bağlı bir az dəqiqləşdirmə aparmağınızı istəyərdik. Konkret olaraq bu, ölkənin Rusiya üçün geostrateji əhəmiyyəti nədən ibarətdir? 

- Avropa ilə Asiyanı birləşdirən Ukrayna Rusiya üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin - Qərbin mövqeyini – müqavimət gücünü “sındırmaq”, eləcə də Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Ukrayna faktoru Rusiya üçün çox önəmlidir. Belə ki, Qara dənizdə geniş miqyasda “siyasi lövbər” salmaq üçün imkanlar yaradan biri məhz Ukraynadır. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə və ya tabe etməyə çalışmaqla Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa çalışır. Bu amil, həmçinin Rusiyaya geosiyasi yayılmanın əhatə dairəsini olduqca genişləndirməyə imkan verir. Bir sözlə, Ukraynasız Rusiya Avrasiyaçılıq konsepsiyasını reallaşdıra bilməz. Rusiya bu amili xüsusi olaraq nəzərə alır və müxtəlif vasitələrlə Kiyevi özünün “təhlükəsizlik çətiri”nin altına salmağa cəhd göstərir. 

- Bəs, Qərbin bu ölkəyə yönəlik strateji yanaşması barədə nə düşünürsünüz? 

- Əvvəla qeyd edim ki, Qərb Ukrayna kimi lokomotiv aktordan vaz keçmək niyyətində deyil. Çünki ABŞ-ın və Avropa İttifaqının aparıcı aktorlarının Ukrayna ilə təmasları tamamilə “əritməsi” Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb olar. İndi enerji təhlükəsizliyindən tutmuş müxtəlif məsələlər ətrafında Qərb Ukraynanı öz orbitində saxlamağa çalışır. Nəzərə alaq ki, Ukrayna Avropanın Rusiyadan qorunmaq üçün “müdafiə divarı”dır. Həmçinin bununla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir. Elə buna görədir ki, hazırda Ukrayna Qərb ölkələrinin iqtisadi və hərbi cəhətdən yardım etdiyi ölkələrin siyahısında ön sıralardadır. Eyni zamanda, Polşanın, Bolqarıstan və Rumıniyanın Avropa İttifaqının üzvü olması Kiyevi Avropa İttifaqının “siyasi qonşu”suna çevirib. Qısası, Qərb sözügedən ölkəni bu gün geostrateji əməkdaşlıq orbitində saxlayır. Hadisələrin sonrakı axarına nəzarəti əldən vermək istəməyən Avroatlantik cəbhə strateji savaşın Ukrayna cəbhəsində Rusiyanın birbaşa müdaxilələrindən qorunmaq üçün regionda bu ölkə ətrafında siyasi təhlükəsizlik çətiri formalaşdırır. 

- Bütövlükdə hazırkı proseslər gələcək üçün nə vəd edir? Ukraynanın qarşıdakı dövrdə hansı addımları atması gözlənilir? 

- Bütün bu konseptual məsələləri və hazırkı reallıqları nəzərə alaraq qeyd etmək olar ki, Qərb-Rusiya qarşıdurmasının Ukrayna cəbhəsində “isti proses”lərin davam etməsi gözlənilir. Xüsusilə də, ABŞ yeni mərhələdə Rusiyanın strateji nəzarət məntəqələrində hərbi-siyasi təmizlik aparılmasında maraqlı görünür və fəal təşəbbüslərlə çıxış edir. Rusiya isə nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir. Belə olan halda, Ukrayna məsələsi ətrafında da zaman-zaman eskalasiyanın müşahidə olunacağı proqnozlaşdırıla bilər. Əsas müzakirə olunan məsələlərdən biri Ukraynanın bundan sonra hərbi-siyasi təhlükəsizlik kontekstində hansı fəaliyyəti həyata keçirəcəyidir. Hazırkı situasiya fonunda bu ölkənin NATO-ya inteqrasiya prosesinin güclənəcəyini proqnozlaşdırmaq olar. Ehtimal ki, rəsmi Kiyev bundan sonra yeni hərbi strategiya ilə fəaliyyət göstərəcək. Ola bilsin, ortamüddətli perspektivdə Ukrayna ilə NATO-nun aparıcı ölkələri arasında hərbi əməkdaşlığa dair sazişlər imzalansın. Yeni mərhələdə regionda Ukraynanın Avropa İttifaqının siyasi və iqtisadi cəhətdən aparıcı dövlətləri ilə strateji yaxınlaşması və yeni işbirliyi platformalarının yaradılması da müşahidə edilə bilər.