Manatın devalvasiyası gözlənilirmi? - Aktual şərh

Hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması o qədər də yüksək səviyyədə deyil

Dünya bazarında neftin qiyməti Azərbaycan üçün əlverişlidir


2021-ci il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,356 milyard dollar təşkil edib. Bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir. Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalıb. Eyni zamanda, 2021-ci il yanvarın əvvəli ilə müqayisədə valyuta ehtiyatları 0,2 faiz və ya 11,4 milyon dollar azalıb.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlamasında deyib ki, hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması o qədər də yüksək səviyyədə deyil. Ekspert qeyd edib ki, son illər ərzində pandemiya dövrünü nəzərə almasaq, Mərkəzi Bank valyuta ehtiyatlarını xeyli məbləğdə artırmağa nail olub: "2015-16-cı illərdə neftin dünya bazarında qiymətinin düşməsi ilə əlaqədar olaraq Mərkəzi Bank birdən-birə 15 milyarda yaxın valyuta ehtiyatından 11 milyardını itirdi. Hətta qeyd edim ki, iki dəfə devalvasiya oldu. Ən ciddi itki Mərkəzi Bankın valyuta ehtiyatlarında o zaman baş verdi".



P.Heydərov vurğulayıb ki,  2017-ci ildən etibarən stabilləşmə başladı:

"Bundan sonra Mərkəzi Bank valyuta ehtiyatlarını yavaş-yavaş cüzi də olsa artırmağa başladı. Nəyə görə? Çünki valyuta bazarında, yəni manatın dəyərində sabitlik yarandı. Dünya bazarında neftin qiyməti qalxdı. Və həmçinin ölkəyə valyuta axını ölkədən valyuta çıxışından yüksəyə qalxdı. Nəticədə manatın dəyəri sabitləşdi. Bu gün də vəziyyət belədir. Dünya bazarında neftin qiyməti Azərbaycan üçün əlverişlidir. Manatın dəyərində hazırda sabitlik müşahidə olunur. Sadəcə olaraq, bu sabitlik bir az möhkəm xarakter daşısa, yenidən növbəti aylarda Mərkəzi Bank valyuta ehtiyatlarını artıra bilər. Amma valyuta bazarında tarazlıq pozularsa, manatın dəyəri dollara münasibətdə ucuzlaşar. Belə bir hal isə ən azı bu il üçün gözlənilmir".