Hökumət sosial siyasətini düzgün qurmalıdır

İnsanlar uzun müddət saxta əlilliyə qazanc kimi baxıblar
 
Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb.
Əlillik müddətinin bitməsinə aydınlıq gətirən nazir açıqlayıb ki, əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi demək deyil.

Mövzu ilə bağlı "Şərq"ə danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, insanlar sözügedən məsələyə görə olduqca narahatdır:

"Əlilliyin vaxtının bitməsi ilə əlaqədar olaraq bu müddət tamamlandıqda əlilliyi olan şəxslər həkim komissiyasından keçməlidir. Ona görə də bu, əlilliyin ləğv olunması demək deyil. Ancaq vətəndaşların bu məsələdə narahatlığı ondan ibarətdir ki, sanki tibbi komissiyalara göstəriş verilib ki, əlilliyi müxtəlif bəhanələr gətirərək ləğv etsinlər. İnsanlarda bu fikirlər ciddi narahatçılıq yaradır.

Deyirlər ki, gözü görməyən, yaxud bədəninin hər hansı əzası olmayan adam necə sağala bilər? Bu həm o şəxsə bürokratik əngəl, həm də əlavə xərcdir. Çünki vətəndaşların əksəriyyəti müxtəlif ərazilərdə məskunlaşıb, bəziləri qeydiyyatda olmayan yerlərdə yaşayırlar. Həmin tibbi komissiyalar da regionaldır və müəyyən mərkəzlərdə yerləşir. Hesab edirəm ki, bu məsələ daha liberal yollarla həllini tapmalıdır.

Əvvəlki dövrlərdə rüşvət vasitəsilə insanlar saxta əlillik dərəcəsi əldə edib.

Bunun nəticəsində hər 100 000 əhalinin payına düşən əlillik sayı daha yüksəkdir.  Lakin həmin hallar vətəndaşın günahı deyil. Bu, hökumətin apardığı sosial siyasətin nəticəsidir ki, insanlar gəlirlərini artırmaq, yaxud mövcud şəraitini düzəltmək, dolanmaq üçün əlilliyə qazanc yolu kimi baxıblar. Əhalini qınamaq əvəzinə buna səbəb olan məsələləri aradan qaldırmaq lazımdır.

Hökumətin sosial siyasəti bir daha aydınlaşdırılmalıdır. Hər bir vətəndaşına yaşayış minimumu təmin etmək dövlətin borcudur".