Yeni səfirdən də gözləntilər böyükdür

"Qardaş ölkə yenidən türk-müsəlman dünyasında, regionda və dünyada ideoloji gücə çevrilməkdədir"


Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın səlahiyyət müddəti başa çatıb. Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana yeni səfir təyin olunub. Ərdoğanın sərəncamına əsasən, ümumilikdə 10 səfir geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib. Yeni səfir Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub.

“Orta Doğu” Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. Üç dönəm Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin və NATO Parlament Assambleyasının üzvü olub. Mançester Universitetində Türk Tələbələri Dərnəyini yaradıb. Avropa İttifaqı Təhsil və Gənclik Proqramları Mərkəzində koordinator və məsləhətçi olub. İngilis dilini yüksək səviyyədə, alman və ərəb dillərini orta səviyyədə bilir. Bağçı dövlət başçısının qərarından sonra Tvitter hesabında təşəkkür mesajı yazıb: “Hörmətli prezidentimizin sərəncamı ilə dost və qardaş ölkə Azərbaycana səlahiyyətli səfir təyin edildim. Bizi bu cür şərəfli vəzifəyə layiq gördüyü üçün hörmətli dövlət başçımıza öz təşəkkürümü bildirirəm. Köklü dostluq və qardaşlıq ruhuyla, eşq ilə, bir arı kimi çalışacam”. 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da yeni səfirlə bağlı öz düşüncələrini bəyan edib. Özoral bildirib ki, yeni səfir onlardan daha çox çalışacaq:

“Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Cahid Bağçı Azərbaycanı tanıyan və sevən bir həmkarımızdır. Bu günə qədər Türkiyə və Azərbaycan arasında münasibətlərinin inkişafı üçün çox çalışmışıq. Əminəm ki, yeni səfirimiz münasibətlərin inkişafı üçün bizdən daha çox çalışacaq. 

Yeni təyinatla bağlı “Şərq”ə danışan politoloq Əhər Məmmədli bildirib ki, son illərdə Türkiyənin böyük siyasi hədəfləri formalaşıb. Siyasi şərhçinin sözlərinə görə, qardaş ölkə yenidən türk-müsəlman dünyasında, regionda və dünyada ideoloji gücə çevrilməkdədir:

“Ona görə də Türkiyənin müxtəlif ölkələrə təyin etdiyi səfirlərin fəaliyyəti daha aktiv və genişmiqyaslı olmalıdır. Türk diplomatları öz məsuliyyətlərini, daşıdıqları yükün ağırlığını bilməlidirlər. Ələlxüsus da Azərbaycan kimi Türkiyəyə çox yaxın olan, vacib sayılan ölkələrə təyin olunmuş səfirlər Ankaranın siyasi kursuna uyğun hərəkət etməli, aparılan siyasətə öz töhfələrini verməlidirlər. Ümid edirəm, yeni səfir Türkiyə Prezidentinin və hakim AKP-nin siyasi-ideoloji kursuna tam sadiq olacaq və Azərbaycandakı fəaliyyətini bu əsaslar üzərində quracaq. Nəzərə alaq ki, Türkiyə ilə Azərbaycanın qardaşlığından narahat olanlar, yaxın əlaqələrimizi zədələməyə cəhd göstərən müəyyən qüvvələr, dairələr var. Türkiyənin Azərbaycandakı səfiri bu kimi halların qarşısını almaq üçün daim ayıq-sayıq olmalıdır”.