Bakının vasitəçilik missiyası da önə çıxır

Qarabag savaşı Türkiyə-İsrail əməkdaşlığını da mümkün hala gətirdi

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Vətən müharibəsində İsrail silahlarının mühüm rol oynadığını deyib. Nazir “İsrael hayom” portalına müsahibəsində bildirib ki, yüksək texnologiyalı və dəqiq zərbələr endirən İsrail silahları, xüsusən də dronlar Azərbaycanın hərbi qələbə qazanmasında böyük rol oynayıb: “Əminəm ki, Vətən müharibəsindən sonra müxtəlif sahələrdə ikitərəfli əlaqələrimiz daha da güclənəcək və dərinləşəcək”.

C.Bayramov Azərbaycanla İsrail arasında 20 sənəd layihəsinin nəzərdən keçirildiyini də vurğulayıb. Qeyd edib ki, Azərbaycanla İsrail arasında möhkəm ikitərəfli münasibətlər və yaxşı dostluq əlaqələri mövcuddur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və bunu yüksək qiymətləndiririk. Yaxın və qarşılıqlı faydalı əməkdaşlığımız siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir. 



Azərbaycan-İsrail əlaqələrini “Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Azərbaycanla İsrail arasında siyasi-hərbi əlaqələr yüksək səviyyədədir. Analitikin sözlərinə görə, məhz İkinci Qarabağ müharibəsində İsrailin Azərbaycana siyasi-hərbi dəstəyi ikili əlaqələrin inkişafına əlavə stimul verdi:

“Yeni müqavilələrin imzalanması göstərir ki, İsrail-Azərbaycan əlaqələri daha da inkişaf edəcək. Yeni sənədlərdə hərbi əməkdaşlıq və silahların birgə istehsalı məsələsi də öz əksini tapıb.

İsrail Azərbaycan üçün mühüm tərəfdaşdır və bu ölkə ilə əlaqələri mümkün mərtəbədə genişləndirmək lazımdır. Təl-Əviv və rəsmi Bakının dost münasibəti digər ölkələr üçün də nümunədir. Azərbaycan özünə dost olan iki ölkə - Türkiyə və İsrail arasında normal münasibətlərin qurulmasına da dəstək verə bilər.

Qarabağ müharibəsi iki ölkənin əməkdaşlığını mümkün hala gətirdi. Həmçinin, Azərbaycanın hər iki ölkənin birgə əməkdaşlıq etdiyi bir dövlət olması rəsmi Bakının vasitəçilik önəmini artırır”.