Diaspora işi yenidən qurulmalıdır

Xaricdə soydaşlarımızdan ibarət yeni nəsil jurnalist, politoloq, ekspert komandası yetişməlidir


“Vətən müharibəsi diasporumuzun qarşısına fəaliyyət istiqamətlərini artırmaq və təkmilləşdirmək üçün yeni öhdəliklər qoyub”. Bu sözləri “Şərq”ə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. QHT sədri bildirib ki, artıq xaricdəki soydaşlarımız daha mütəşəkkil şəkildə təbliğat və təşviqatlarını aparmalıdırlar: “Hər şeydən öncə, təbliğatın ideoloji hədəfləri təyin edilməlidir. Yəni təbliğat mexanizmi ideologiya əsasında həyata keçirilməlidir.

Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Məsələn, Vətən müharibəsi zamanı biz müşahidə etdik ki, xaricdə azərbaycanlı və azərbaycanpərəst əcnəbi ekspert azlığı var.

Xüsusən, dünya mediasında sözümüzü deyən ekspertlər barmaqla sayılacaq qədər idi. Buna görə də xaricdə soydaşlarımızdan ibarət yeni nəsil jurnalist, politoloq, ekspert komandası yetişməlidir. Bu iş uzunmüddətli strategiya əsasında aparılmalıdır. Yəni bu gün görülən iş gələcək üçün hesablanmalıdır. Bu baxımdan, xaricdə böyüyən gənclərimizin də universitetlərdə müvafiq istiqamətlər üzrə ali təhsil almasına, yaşadıqları cəmiyətin ictimai-siyasi həyatda fəal olmasına ciddi diqqət yönəldilməlidir.

Belə olduqda, onlar ali məktəbi bitirdikdən sonra potensial jurnalist, politoloq olacaqlar. Gənclərimiz, eyni zamanda beyin mərkəzləri ilə işləməli və ya özləri belə bir mərkəz yaradıb həmrəy şəkildə fəaliyyət göstərə bilərlər. Bunun üçün xaricdə yaşadıqları cəmiyyətə inteqrasiya olunan, amma assimilyasiya olmayan gənclər ordusu yaradılmalıdır. Onlar Azərbaycanın xaricdə siması olaraq yaşadıqları ölkələrin media ulduzlarına çevrilməlidirlər”.    

F.Hüseynzadə vurğulayıb ki, dünya mediasında Azərbaycanın mövqeyini müdafiə edən əcnəbi politoloq və ya ekspertlərdə də Azərbaycana maraq artırılmalıdır:

“Xaricdəki soydaşlarımız belə insanların tapılması və əməkdaşlıq çərçivəsində iş görülməsini özlərinin fəaliyyət planlarına aid edə bilərlər. Biz Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq bu istiqamətlərdə də işimizi aparırıq. Bundan sonra daha da aktiv şəkildə istər xaricdəki gənclərimizin fəallığı, istərsə də Azərbaycanın əcnəbi dostlarının artması yolunda fəaliyyətimizi davam etdirəcəyik. Qeyd etməliyəm ki, pandemiya və postpandemiya dövrü dünyanı yeni dəyişən reallıqda yaşamağa öyrədir.

Diasporumuz da bütün hallarda komanda ruhunu itirməməlidir. Yeni şəraitdə fəaliyyət standartlarını inkişaf etdirməlidir”.