Çin vaksinindən daha sərfəlidir

Azərbaycanda “AstraZeneca”ya üstünlük verilməlidir

Ayrı-ayrı epizodların əmələ gəlməsi ilə bu vaksin haqqında mənfi rəy yürütmək düzgün olmaz. Böyük Britaniyada 20 milyon insan vaksinasiya edilib


COVAX platforması çərçivəsində Azərbaycana koronavirusa (COVİD-19) qarşı vaksin gətirilib. Vaksini gətirən şəxsləri hava limanında TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, BMT və ÜST nümayəndələri qarşılayıb. Qeyd edilir ki, GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşdə bildirib ki, ilkin mərhələdə Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) Azərbaycana göndəriləcək. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub. Yəni ölkəyə daha 432 min doza vaksin gətiriləcək. 

Jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov isə bildirib ki, vaksinlər Cənubi Koreya istehsalıdır:

“Əlbəttə, nə qədər tez əhali peyvənd olunsa, kollektiv immunitet yaranmaqla insanlar bir o qədər tez bu bəladan müəyyən qədər xilas olacaq”. V.Qasımov əlavə edib ki, ölkədə bu günə kimi 900 mindən artıq insana peyvənd vurulub.  Hər gün 30-35 min insana peyvənd vurulur. Nazir müavini qeyd edib ki, Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var: 

“Məlum olduğu kimi, yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir. Vaksin preparatlarımız lazımi qədər olduqca bu proses ən tez bir zamanda reallaşacaq”.

Amma “AstraZeneca” vaksini lə bağlı rəylərin heç də hamısı müsbət deyil. Avropanın bir sıra ölkələri bu vaksinin istifadəsini dayandırıb. Səbəb kimi vaksin vurulduqdan sonra az sayda olsa da, baş vermiş ölüm hallarıdır. İngiltərədə 7 nəfərin peyvənddən sonra həyatını itirdiyinə dair məlumatlar verilib. Hollandiya da "AstraZeneca" vaksininin istifadəsini dayandırdıqdan sonra İtaliya, Fransa və Almaniya da bu vaksindən istifadəni müvəqqəti olaraq dayandırıb. Hollandiya Səhiyyə Nazirliyinin yaydığı açıqlamada Hollandiya Dərman Dairəsi yeni məlumatlara əsaslanaraq tədbir görülməsi və daha dərin araşdırma aparılması məqsədilə "AstraZeneca" peyvəndinin istifadəsinin müvəqqəti dayandırıldığını və peyvəndlənmə üçün əvvəlcədən təyin edilmiş müddətlərin ləğv edildiyini bildirib.  

ÜST isə "AstraZeneca" peyvəndinin tətbiqinin davam etdirilməsini vacib hesab edir. İlkin araşdırmalarda bu vaksinin təsir imkanları 100-də 63 olaraq  dəyərləndirilmişdi. ÜST də bu vaksinin COVİD-19-un yeni ştamlarına qarşı az təsirli olduğunu etiraf edir, bununla bərabər yenə də "AstraZeneca"nı məsləhət görür. Cənubi Afrika hökuməti isə koronavirusun yeni növlərinə qarşı minimal təsirə malik bu vaksini başqa ölkələrə satışa çıxarmağı düşünür. 


Qeyd edək ki, "AstraZeneca" vaksini vurdurmuş insanlarda qan qatılaşması müəyyən edilib, ölüm hallarının da bu səbəblə baş verdiyi güman edilir.  “AstraZeneca” firmasından gələn açıqlamada isə “qan qatılaşması riskini artırmasına dair heç bir sübut yoxdur” açıqlaması verilib. Amma şübhələr yenə qalır. Məsələn, Güney Koreyada COVİD-19 əleyhinə peyvənd vurdurmuş 2 xəstənin ölüm səbəbləri araşdırılır. Mütəxəssilərin də rəyləri müxtəlifdir. Portsmut Universitetindən həkim Simon Kolstoy “Evronews” telekanalına açıqlamasında "AstraZeneca" vaksininin istifadəsini dayandıran ölkələrə təəccüb etdiyini deyib: “bunun bur qədər aşırı təpki olduğunu zənn edirəm. Hər hansı bir yeni dərman preparatı istehsalına qarşı bu cür təpkilər və inamsızlıqların olduğunu görürük”. 



Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında "AstraZeneca" vaksininin yüksək texnologiya ilə hazırlandığını bildirdi:

- "AstraZeneca" Oksford Universitetinin tədqiqatçıları tərəfindən yüksək texnologiya ilə hazırlanıb. İmmunsistemə həddən artıq həssaslığı var. Ona görə də bəzi paradoksal reaksiyaların olması təbiidir. Ayrı-ayrı epizodların əmələ gəlməsi ilə  bu vaksin haqqında mənfi rəy yürütmək düzgün olmaz. Böyük Britaniyada 20 milyon insan vaksinasiya edilib.

Azərbaycanın bu vaksini tərcih etməsi də, hesab edirəm ki, düzgün seçimdir. “Çin vaksini, yoxsa "AstraZeneca” müqayisəsi aparsaq, hesab edirəm ki, "AstraZeneca"ya üstünlük verilməlidir. O ki qaldı vaksinlərin istifadədən öncə kliniki araşdırmalar aparılmasına, çünki belə xəbərlər də yayılır ki, guya, vaksinləşmə prosesi sürətlənməsin deyə, istehsal edilmiş vaksinlər kliniki araşdırmalar aparılmadan istifadəyə verilib, bu, yanlışdır.
Bütün vaksinlər kliniki çalışmalardan keçirildikdən sonra istifadəsinə icazə verilir. Vaksinlər istehsaldan birbaşa istifadəyə buraxılmır. Ona görə də narahatlığa əsas yoxdur.