"Erməni kartı" puç oldu ! - "Böyük Ermənistan" mifi dağıdıldı

“Azərbaycan cəmiyyətinin əslində Qarabağ məsələsinə baxışı doğru deyil. Doğru olmayan nədir? Məsələ ondadır ki, biz Qarabağ məsələsini Azərbaycan-Ermənistan münaqişəsi kontekstindən çıxarıb, daha böyük problem olan Rusiyanın geopolitik maraqları səviyyəsinə qaldırırıq. Bu maraq səviyyəsi nə Azərbaycan, nə də Ermənistan üçün qarşı qoyulması mümkün olmayan məsələdir. Biz nə vaxtdan Rusiyanın geopolitik maraqlarına mane olan ölkə olmuşuq”?. 
Bu sözləri BAXCP sədrinin müavini, politoloq Azər Qasımov yazıb.

 O, “Sherg.az”a açıqlamasında mövqeyini belə izah etdi:

“Cənubi Qafqaz regionu daxil Rusiyaətrafı ölkələr birlikdə belə, bu proseslərə təsir etmək gücündə olmadığı halda, bizim 44 günlük müharibədən sonra Ermənistana qarşı əldə etdiyimiz əzici qələbəni Rusiyanın sülhməramlı qüvvələrinin heçə endirməsi cəhdi yersizdir.  Azərbaycanın qələbəsini daha da möhkəmləndirən faktor Rusiyanın geopolitik maraqlarına rəğmən bunu etməsidir. Azərbaycanın Ermənistanla bütün parametrlərdə  müqayisədə üstünlüyü məlum olsa da, uzun illər torpaqlarımızı işğalda saxlaması baxımından bu müqayisənin  bizə verdiyi üstünlük, heç də düşmənin zəif olması fikrini formalaşdırmır.

Eyni zamanda ona qarşı qazanılan qələbənin mahiyyətini azaltmır. Biz bu qələbəyə gedən yola "vətən müharibəsi" adı qoymuşuq. Beləliklə, dünya miqyasında "erməni kartı" məsələsinin puç olması, "böyük Ermənistan" mifinin dağıdılmasına nail olmuşuq. Ona görə qələbəmizin Moskvanın maraqları ilə qarışdırılması doğru deyil.

Qələbə öz yerində, Kremlin geopolitik maraqları başqa yerdə.  Biz əbədi düşmənimiz üzərində mütləq qələbə çalmışıq və bunun qürurunu yaşamalıyıq. Şimal qonşumuzun geopolitik maraqları qarşısında duruş gətirə bilməyimiz isə zamanın və tarixin öhdəsindədir və burda bizim zəif görünməyimiz hegemon dövlətlərin zəifliyidir, bizim yox!".