Geri qalırıq ! “Rəqəmsal transformasiyanı sürətləndirək!” 

“Son günlər ölkənin nəqliyyat sektorunun idarəetməsində ciddi islahatlar aparılır. Korporativ idarəetməyə hazırlıq görülür, yeni tənzimləmə mexanizmləri yaradılır. Güman etmək olar ki, yaxın zamanlarda  telekommunikasiya və internet təminatı sahəsində də ciddi islahatlar aparılacaq. Rəşad Nəbiyevin nazir təyinatı zamanı bu istiqamətdə ilkin rəsmi mesajlar da verilmişdi”- Bunları “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

  O. Gündüz bu barədə fikirlərini “Sherg.az”la bölüşdü: ““Aztelekom” və “Baktelekom” kimi nəhəng dövlət operatorlarının, sektordakı digər kommersiya ilə məşğul olan dövlət MMC-lərin Holdinq idarəetməsinə verilməsindən sonra sektorda tənzimləyici dövlət qurumunun yaradılması qaçılmazdır.

Bildiyim qədər NRYTN-də İKT sektorunun, bütövlükdə rəqəmsal sektorun  inkişafı üçün daha münbit şəraitin yaradılması, daha effektiv və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması  üçün ciddi işlər aparılır. 

Dünya təcrübəsində, elə qonşu ölkələrin təcrübəsində müxtəlif tənzimləmə formalarından istifadə ilə bağlı uğurlu nümunələr var. Ümid edək, bizdə də İKT sektorunun inkişafı üçün daha çevik və effektiv mexanizmlərə söykənən, daha müstəqil olan və kommersiya maraqları olmayan tənzimləyici dövlət qurumu formalaşdırılacaq. Məncə, hazırda ölkədə rəqəmsal transformasiya sahəsində  yeni yanaşmalar ortaya qoyulmalıdır.  Bununla bağlı ilk növbədə konseptual bir sənədə, “Rəqəmsal Azərbaycan” Konsepsiyasına, Yol Xəritəsinə ehtiyac var”. 

Ekspertin fikrincə, lazımi addımların atılmasında operativliyə ehtiyac var: 

“Təəssüf ki, hazırlanması ilə bağlı uzun müddət öncə göstərişlər verilsə də,  bir sıra digər konseptual sənədlər, o cümlədən “İnnovasiyaların inkişafı strategiyası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Konsepsiyası ”, “Elektron hökumətin inkişafı” dövlət proqramı , “Regional elektron hökumət Konsepsiyası” və s. sənədlərin layihələri hələlik ortaya çıxarılmayıb. Bu istiqamətdə daha çox ləngimələr müşahidə olunur. Nəzərə almaq lazımdır ki, digər ölkələr, qonşu ölkələr də “yatmayıblar” və bu istiqamətdə çalışırlar. Fikrimcə, ölkədə rəqəmsal transformasiyaya təkan verə biləcək addımları sürətləndirmək çox vacibdir”.