Minalı ərazilərin xəritəsi verilmir:“Beynəlxalq məhkəmələrə müraciət...”

“Minaların yaşayış yerləri ətrafında yerləşdirildiyini nəzərə almalıyıq”

“Belə bir hal gələcəkdə ora köçəcək azərbaycanlıların həyatı üçün təhlükəlidir”

“Təsadüfi deyil ki, Cenevrə konvensiyası və Avropa İnsan Haqları Konvensiyasi bunu qadağan edir”

Məlum olduğu kimi, ermənilər hələ də minalanmış ərazilərin xəritəsini vermirlər. Beləliklə, müharibənin üzərindən bir neçə ay keçməsinə rəğmən, hələ də şəhidlərimiz olur, hərbçilərimiz minaya düşürlər. Bu isə düşmənin hansısa revanşist niyyətindən xəbər verir. Görünür, “qisas” ambisiyalarından əl çəkməyiblər. Başqa bir məqam isə Rusiya tərəfinin Ermənistana hansısa təzyiq göstərməməsidir. Yəni Moskva da bu məsələyə göz yumur.

 Deməli, politoloq, hüquqşünas Fərhad Mehdiyevin “Sherg.az”a dediyi kimi, problemi özümüz həll etməliyik: 

“Minalı ərazilərlə bağlı xəritənin verilməsini tələb edən beynəlxalq hüquqi sənəd yoxdur. Biz sözügedən məqamı 10 noyabr bəyənatı imzalayarkən müzakirə etməli idik. İndiki halda isə iki yolumuz var.

Birincisi, bundan sonrakı dialoqlarda minalı ərazilərin xəritəsinin verilməsi prioritet olmalıdır.

Və bunun üçün ermənilərlə “bazarlıq” etməliyik. Minaların yaşayış yerləri ətrafında yerləşdirildiyini nəzərə almalıyıq.

Belə bir hal gələcəkdə ora köçəcək azərbaycanlıların həyatı üçün təhlükəlidir.

Təsadüfi deyil ki, Cenevrə konvensiyası və Avropa İnsan Haqları Konvensiyasi bunu qadağan edir. Odur ki, biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməli və məlum iddia ilə çıxış etməliyik”.