Rekord sayda namizəd direktor iddiasındadır 

Kamran Əsədov: "Onlar təhsildə maraqlı olduqlarını sözdə yox, müsahibəyə getdikləri zaman layihələrlə təsdiq etməlidirlər"

Cari il üzrə direktorların işə qəbulu imtahanlarında əvvəlki illərlə müqayisədə rekord sayda – 2683 namizədin iştirakı qeydə alınıb. Təhsil Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə keçirilmiş müsabiqənin test imtahanı mərhələsində 1411, 2019-cu ildə isə 1645 namizəd iştirak edib. İlk dəfə cari il üzrə imtahanlarda iştirak edənlər arasında qadınların sayı (1382 nəfər) kişi namizədlərlə müqayisədə çox olub. İmtahanlarda iştirak edən namizədlərdən 25 nəfəri xaricdə təhsil alıb.

Namizədlər arasında 1807 nəfər müəllim, 511 nəfər tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, 139 nəfər tərbiyə işləri üzrə direktor müavini, 111 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 47 nəfər metodist, 32 nəfər gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 26 nəfər psixoloq, 10 nəfər uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində çalışır. Namizədlərdən 12 nəfəri fəlsəfə doktorudur.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, artıq bir neçə ildir ki, ölkədə təhsil sistemində rəhbər postlarına işə qəbul prosesi obyektiv, şəffaf şəkildə həyata keçirilir. Ekspert bildirib ki, bu artıq təhsilin idarə olunmasında, eyni zamanda keyfiyyətin artırılması istiqamətində böyük bir addımdır:

"Etiraf edək ki, uzun illərdir təhsil sisteminə rəhbər postlara təyinatlarda ciddi neqativ hallar müşahidə olunurdu. İnsanlar tərəfindən təhsilin idarə edilməsinə o qədər də inam qalmamışdı. Amma  artıq bir neçə ildir ki, müsabiqə və müsahibə mərhələsi tam obyektiv şəkildə həyata keçirilir. İnsanlar rahatlıqla işə qəbul olunurlar və bu da təbii ki, müsbət tendensiyadır". 

K.Əsədov əlavə edib ki, keçən illə müqayisədə bu il müraciətlərin sayında xeyli artım var:

"Qeyd edim ki, imtahan iştirakçılarının 600 nəfərə yaxını 20 baldan aşağı bal toplayıb. Bu, aşağı nəticə hesab olunur. Hətta 10 bal aşağı nəticə göstərənlər də var. Çox təəssüf ki, onlar hazırda əvəzedici qaydada direktor vəzifəsini yerinə yetirirlər. Müsahibə mərhələsində direktor namizədlər əsasən, fəaliyyəti, psixoloji vəziyyəti və direktor təyin olunandan sonra görə biləcəkləri ilə bağlı fikirlər soruşulacaq.

Əsasən, özləri konkret layihələr hazırlamalıdırlar. Direktor olmaq istəyən şəxslər niyə direktor olmaq istədiklərini əsaslandırmalıdırlar. Çox təəssüf ki, bu günləri cəmiyyətdə sırf görüntü üçün işə qəbul olmaq istəyənlər var. Həmin şəxslər heç də keyfiyyət üçün təhsilin dəyişkənliyi və təhsilin Avropaya inteqrasiyası üçün o qədər də maraqlı deyillər.

Çox təəssüf ki, bu cür halların şahidi oluruq. Hesab edirəm ki, direktor namizədlər təhsildə maraqlı olduqlarını sözdə yox, müsahibəyə getdikləri zaman layihələrlə təsdiq etməlidirlər".