Paşinyan gözünü rus qırıcılarına dikib

 Düşmən ölkənin hava hücumunu gücləndirməyə çalışması suallar doğurur


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya mediasına müsahibəsində bildirib ki, onun ölkəsi Rusiya istehsalı olan silahların, xüsusi ilə "Su-30SM" qırıcıların alınmasında olduqca maraqlıdır. Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü öncəsi siyasətçi qeyd edib ki, Ermənistan Rusiya ilə geniş və uzunmüddətli hərbi-texniki əməkdaşlığa istiqamətlənib. O qeyd edib ki, bu, ölkələr arasında uzunmüddətli strateji maraqlardan irəli gəlir. Paşinyan qeyd edib ki, Yerevan Ermənistana tədarük olunan silahların Rusiya Silahlı Qüvvələri üçün tədarük olunan xüsusiyyətlərdə olacağına inanır. "Su-30SM"-lərin alınmasına gəldikdə, Paşinyan bu sualı müsbət cavablandırıb.

O bildirib ki, bu təyyarələrin alınması həm Ermənistan-Rusiya ikitərəfli sənədlərində, həm də Ermənistan Silahlı Qüvvələrinin inkişafı proqramında nəzərdə tutulub. Erməni lider qeyd edib ki, iyunun 20-də növbədənkənar parlament seçkilərinin nəticələri Rusiya Federasiyası ilə əlaqələrin xarakterinə təsir etməyəcək.



Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən politoloq İlyas Hüseynov qeyd edib ki, Ermənistan əslində bu hərəkəti ilə bölgədəki sülhə və təhlükəsizliyə böyük təhdid törədir. Politoloqun sözlərinə görə, müharibədən sonra iqtisadiyyatı dağılmış və silahlı qüvvələrin əhəmiyyətli hissəsi məhv olmuş bir ölkənin hava hücumunu qüvvətləndirməyə çalışması müəyyən suallar doğurmaqdadır:

"Bildiyimiz kimi, Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqlik var. Hər iki dövlət Kollektivlik Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi siyasi blokunun üzvüdür. Bu müstəvidə onların münasibətləri strateji əhəmiyyət daşıyır. Digər tərəfdən hava hücumunu qüvvətləndirməyə çalışan Ermənistan əslində bu hərəkəti ilə bölgədəki sülhə və təhlükəsizliyə böyük təhdid törədir. Əgər bölgədə nəqliyyat, kommunikasiya xətlərinin açılması, iqtisadi priotitetlərin müəyyənləşdirilməsi ilə bağlı təmaslardan, danışıqlardan söhbət gedirsə, burada qırıcılar almaq və bunun tətbiqi ilə bağlı planlar həyata keçirmək təbii ki, absurd görünür. Hesab edirəm ki, silahlara nəzarət və bu sahədə fəaliyyət göstərən beynəlxalq, eləcə də qeyri-hökumət təşkilatları Ermənistanın silahlanmaq cəhdinin qarşısını almalıdırlar". 

İ.Hüseynov qeyd edib ki, bu sahədə əməli-praktiki fəaliyyət həyata keçirilməlidir:

"Çünki biz müşahidə etdik ki,  Ermənistanın aqressiv hərəkətləri, təcavüzkar siyasəti, mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi cinayətlər onun silahlanması prosesindən sonra baş verib. Biz 44 günlük müharibə dövründə də Ermənistanın külli miqdarda hava hücumundan müdafiə sistemlərinə, tanklara, artileriyalara və silah arsenalına sahib olduğunun şahidi olduq. Bu, təbii ki, Ermənistanın bir tərəfdən güclü bir dövlətə çevrilməsidirsə, digər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, eləcə də mülki əhalimiz üçün böyük bir təhdiddir. Çünki biz müharibə dövründə külli sayda məhv edilmiş və erməni arsenalına aid olan nomeklaturanı müşahidə etdik. Lakin hazırkı durumda məğlub olmuş və 10 noyabr tarixində kapitulyasiya aktına imza atmış bir dövlətin hava hücumundan müdafiə sistemlərini, eləcə də qırıcı təyyarələr alması ilə bağlı təşəbbüsləri həm ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, həm də beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmalıdır. Çünki burada Ermənistanın aqressiv siyasəti faktoru var. Və bu faktor onu deməyə əsas verir ki,  Cənubi Qafqazda təhlükəsizliyə və sülhə ən böyük təhdid Ermənistan tərəfindən müşahidə olunur. Uzun illər ərzində Qafqazdakı sülhü pozan Ermənistan tərəfi son 30 ildə də çoxsaylı cinayətlərə imza atıb. Həmçinin Ermənistan tərəfindən Cenevrə Konvensiyasının və onun əlavə protokollarının tələbləri kobudcasına pozulub.

Buna görə də Ermənistanın silahlanması, eləcə də  silahlandırılması böyük cinayət hesab olunur".