Sonu mütləq danışıqlar masası olacaq 

ABŞ-ın Türkiyəyə sanksiyaları uzunmüddətli ola bilməz


ABŞ Rusiyanın müdafiə sektoru ilə əməkdaşlığına görə Türkiyənin dövlət qurumuna və dörd rəsmi nümayəndəyə qarşı sanksiya tətbiq edib. Bildiriş rəsmi şəkildə yayımlanacaq və aprelin 7-dən etibarən qüvvəyə minəcək. Sanksiyalar Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə və orada çalışan dörd məmura, həmçinin ölkənin Müdafiə sənayesi naziri İsmayıl Dəmirə aid edilib. Qara siyahıya salınmış dörd türkiyəli məmur isə ABŞ-a giriş imkanlarından məhrum ediləcək, onların aktivləri bloklanacaq və amerikalıların həmin şəxslərlə hər hansı bir əməliyyat aparması qadağan olunacaq.

Sanksiyalar “Amerikanın rəqiblərinə qarşı sanksiyalarla cavab verilməsi haqqında” (CAATSA) Qanun çərçivəsində tətbiq olunub. Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə qarşı sanksiyalar ABŞ-dan idxalın dayandırılmasını və quruma 10 milyon dollardan çox kreditin verilməməsini nəzərdə tutur. Bildirişin mətnində Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri barədə söz açılmır, halbuki, rəsmi Vaşinqton uzun müddətdir Moskva ilə hərbi əməkdaşlığına görə Ankaranı sanksiyalarla təhdid edirdi.

Məlum sanksiya qərarını “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Vaşinqtonun belə bir addım ata biləcəyi gözlənilən idi. Odur ki, belə bir sual yaranır - bu sanksiyalar Türkiyəyə necə təsir edə bilər? Ekspert düşünür ki, ABŞ-ın sanksiyaları Türkiyə müdafiə sənayesini ixrac lisenziyalarından və kreditlərdən məhrum edə bilər. Həmçinin, sanksiyalar tətbiq ediləcək məmurlar ABŞ-dakı bank hesablarından məhrum olar:

“Sanksiyaların əsas səbəbi kimi hərbi-texniki amillər ön plana çıxarılsa da, şübhəsiz ki, ABŞ-ın bu addımında çox ciddi geosiyasi məqamlar da mövcuddur. Rəsmi Vaşinqton son illərdə xarici siyasətini Rusiya-ABŞ arasındakı rəqabət üzərində quran Ankaraya ilk ciddi xəbərdarlığını etmiş oldu. Artıq Vaşinqton ciddi addımlar ata biləcəyini göstərir və sanksiyalar paketinin gələcəkdə Türkiyənin daha “yumşaq nöqtəsi” olan iqtisadi sahəyə doğru genişləndirilə biləcəyinə işarə edir. Beləliklə Amerika Türkiyədən ABŞ və Rusiya ilə münasibətlərinə aydınlıq gətirməsini istəyir”. 

A.Rəşidoğlunun sözlərinə görə, başqa önəmli məqam Vaşinqtonun Türkiyəyə sanksiya tətbiq etməklə digər müttəfiqlərinə də xəbərdarlıq etməsidir:

“Xüsusilə Körfəz monarxiyaları, eləcə də Misir, Hindistan, Pakistan, Cənubi Koreya kimi ABŞ-la müttəfiqlik münasibətləri olan ölkələr də “S-400” sisteminə maraq göstərir. Vaşinqton hətta Türkiyə kimi strateji önəmi çox yüksək müttəfiqinə qarşı sanksiyalar qoymaqla həm Rusiya ilə hərbi əməkdaşlıq qurmaq istəyən, həm də ABŞ-Rusiya arasında balans yaratmaq istəyən ölkələrə ciddi mesaj verir. Lakin unutmaq olmaz ki, Türkiyə Amerika Birləşmiş Ştatları üçün mühüm tərəfdaşdır. Odur ki, Vaşinqton Ankara ilə anlaşmağa məhkumdur.

Türkiyə də anlayır ki, NATO üzvü olması onun siyasi çəkisini artırır. Bu baxımdan Ankara da Vaşinqtonla münasibətlərin normal məcrada olmasında maraqlıdır. Düşünürəm ki, bütün bu amillər Ankara və Vaşinqtonu danışıqlar masasına oturmağa sövq edəcək”.