Sensasiya ! - “İsgəndər M”lə bağlı oxlar Rusiyanı göstərir: döyüşə qatılıb?

“Hər bir halda qaydaları pozan Rusiyadır”

“Ya Rusiya həqiqətən də beynəlxalq sazişi pozaraq Ermənistana orta mənzilli raket satıb”

“Ya da şimal qonşumuz tərəf olaraq müharibədə iştirak edib. Bu, daha pisdir”


Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin atılması ilə bağlı çoxvektorlu müzakirələr davam edir. Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sübut kimi raketin qalıqlarının fotolarını yayıb. Araşdırmalar bu raketin “İsgəndər M” olduğunu göstərir.  ANAMA raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib.
“İsgəndər M” raketinin istehsalçısı Rusiyadır və bunu da satmaq hüququ yoxdur. Raketin konkret olaraq hansı ölkə tərəfindən atılması barədə suallar isə cavabsız qalıb. Kreml hələ də Azərbaycan hərbçilərinin Qarabağda aşkarladığı “İskəndər” operativ-taktiki raket kompleksinin raketinin qalıqları barədə məlumata malik deyil.

“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”, - deyə Kreml nümayəndəsi jurnalistlərin Qarabağda tapılan “İskəndər” raketi qalıqları barədə sualına cavab verib.

Tanınmış politoloq, sabiq MTN zabiti Ərəstun Oruclu “Sherg.az”a bildirib ki, Şuşaya “İskəndər M” raketinin atılması ilə bağlı qalmaqal faktiki olaraq Azərbaycan və Rusiya informasiya məkanından kənara çıxıb. Artıq beynəlxalq səviyyədə də müzakirələr aparılır:

“Məsələ burasındadır ki, Rusiya strateji silahların yayılmasına dair beynəlxalq sazişə əsasən “İskəndər M” raketini heç bir halda Ermənistana və  digər bir ölkəyə ixrac edə bilməzdi. Rusiyanın rəsmi məlumatlarında da bildirilir ki, Ermənistanın Rusiyadan aldığı raket “İskəndər E” raketidir. Amma “İskəndər M” raketinin Şuşada qalıqlarının tapılması onu göstərir ki, bu raketlər ora atılıb”.

“İskəndər M”in kimin tərəfindən atılmasına gəlincə, politoloq bunun o qədər də önəmli olmadığını deyib:

“Çünki hər bir halda qaydaları pozan Rusiyadır. Ya Rusiya həqiqətən də beynəlxalq sazişi pozaraq Ermənistana orta mənzilli raket satıb. Çünki sazişə əsasən 300 kilometrdən yuxarı uçuş məsafəsi olan raketlərin ixracı qadağandır.

Ya da Rusiya özü tərəf olaraq müharibədə iştirak edib. Bu, daha pisdir. Bir sözlə, məsələyə hansı aspektdən yanaşmağımızdan asılı olmayaraq, son nəticədə bütün suallar Rusiyanın üzərinə gəlir. “İskəndər M” raketi qalmaqalına görə cavab verməli olan ölkə Rusiyadır.

Suallar da belə olmalıdır: “İskəndər M”-i Ermənistan Silahlı Qüvvələri atıbsa, Rusiya niyə bu silahı onlara satıb? Bu silah yalnız Rusiya Ordusunun arsenalındadır. Deməli, raketi atan da məhz Rusiyadır. Hər bir halda məsələ rəsmi Kremldə dayanır”.