Deputat: “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”

Rusiya ilə Ukrayna arasında münasibətlər getdikcə gərginləşməkdədir. Belə bir şəraitdə müharibənin başlanması tam realdır. Çünki rəsmi Kiyev öz mövqeyində qətiyyətlidir. Eyni zamanda Moskva işğalçılıq siyasətindən əl çəkmir. Bəs savaş başlasa, NATO nə edəcək? Bax,  bu sual çoxlarını düşündürür. Hər halda məsələyə səssiz qalmayacağı aydındır.



Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə potensial savaş zamanı NATO-nun mövqeyi barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“ABŞ prezidenti Ukraynaya ən yüksək səviyyədə dəstəyini ifadə edib. Lakin NATO daxilində vahid fikir yoxdur. Rusiyanı narahat edən Uktayna ilə Qərbin yaxınlığıdır. Odur ki, Kreml təzyiqlər göstərir, atəşkəsi pozur.

Düzdür, həmin həmlələr müharibənin başlanması üçün deyil. Daha çox belə demək mümkünsə, əsəbləri tarıma çəkməyə hesablanıb.

Hərbçilərin ölməsi bizi narahat edir. Müharibənin başlanmayacağına ümid edirəm. Lakin bütün hallarda Azərbaycanın mövqeyi məlumdur. Biz Ukraynanın ərazi bütövlüyünü və beynəlxalq hüquq normalarını dəstəkləyirik”.