Moskvadakı açıqlamalar çox gülünc səslənir

Koçaryanın erməni ictimai rəyində heç bir nüfuzu qalmayıb

"Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan əslində Sarkisyan-Koçaryan ordusunu məhv edib"


"Son üç ildə silahlı qüvvələrin döyüş qabiliyyəti metodiki cəhətdən azaldıldı". 
Bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan Rusiyanın birinci kanalında yayımlanan "Pozner" verilişində deyib. Koçaryan bildirib ki, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra yeni hökumətdə orduya qarşı pataloji qorxu və inamsızlıq yarandı."Birinci Qarabağ müharibəsi "qəhrəmanları"nın nüfuzdan salınması prosesi gedirdi.

Bu çox fəal bir proses idi" - deyən eks-prezident xatırladıb ki, 1 il ərzində döyüş hazırlığı işlərində aktivlik müşahidə edildi, Ordu rəhbərliyində isə tez-tez dəyişikliklər baş verirdi. O həmçinin müharibənin gedişində ordu rəhbərliyində bu cür halların olmasını anormallıq adlandırıb.

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən politoloq Tural İsmayılov qeyd edib ki, Robert  Koçaryanın ordu ilə bağlı açıqlamaları ümumilikdə çox saxta və fiksiya xarakterli açıqlamalar idi. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan əslində Sarkisyan-Koçaryan ordusunu məhv edib:

"Paşinyan hakimiyyətə yeni gəlib. O, hakimiyyətə gəldiyi dövrdə daha çox erməni xalqına verdiyi vədləri yerinə yetirməyə çalışıb. Baxmayaraq ki, ölkənin daxili, ictimai-siyasi, iqtisadi vəziyyəti Paşinyanın dövründə daha da xaotik duruma gəlmişdi. Amma bütün bunlarla yanaşı ordu quruculuğu sayəsində Paşinyan tərəfindən hansısa ciddi addımlar atılmayıb. Bu baxımdan Ermənistanda məğlub olan və kapitulyasiya durumuna çatan ordu məhz Koçaryan dövründən formalaşdırılmış ordu idi". 

T.İsmayılov əlavə edib ki, əlbəttə ki, Paşinyanın birbaşa Qərb dairələri ilə əlaqələrinin olması Koçaryan tərəfindən qurulmuş ordunun içərisində anti-Paşinyan ritorikasını daim güclü saxlayır:

"Ermənistanda hələ Vətən müharibəsindən əvvəlki dövrdə komandanlıq və generalitet arasında ciddi ixtilaflar və fikir ziddiyətləri mövcud idi. Nəticədə bu ixtilaflar və ziddiyətlər fonunda Ermənistan ordusu nizamnamədən kənar davranışlara görə xarici hesabatların bir çoxunda dünyada ilk sıralarda yer alıb. Bütün bunların fonunda hələ də «dedovşina»nın hökm sürdüyü Sovet dövründən qalma və artıq MDB məkanında demək olar ki, heç bir ölkədə qalmayan iyrənc hərəkətlərin yer aldığı ordu məhz Ermənistan ordusudur. Bu baxımdan düşünürəm ki, Paşinyanın orduyla olan münasibətləri də gərgin səviyyədə qalmaqda davam edəcək". 

Politoloq qeyd edib ki, Silahlı Qüvvələrin Baş Qərargahı ilə Ermənistan Müdafiə Nazirliyi arasında ciddi fikir ixtilafları var:

"Ermənistanın Müdafiə Nazirliyi birbaşa Paşinyan iqtidarına və elitasına yaxın adamlardan təşkil olunsa da, Silahlı Qüvvələrin  Baş Qərargahında, eyni zamanda Ermənistan hərbi birləşmələrində hələ də Koçaryanın dövründə hərbi xuntada yer almış canilər öz fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan düşünürəm ki, Paşinyan xüsusən sonuncu baş qərargah rəisi ilə bağlı məsələdə sonradan anladı ki, ordu onun üçün böyük təhdiddir. Paşinyanın ordunu özünə real təhlükə hesab etməsi gözləniləndir. Lakin Koçaryanın bu məsələdə hansısa siyasi dividend üçün istifadə etməsi gülünc görünür. Çünki keçirilən rəy sorğuları da göstərir ki, Robert Koçaryanın erməni ictimai sistemində və cəmiyyətində heç bir nüfuzu və siyasi iradəsi yoxdur".