Dolların milli valyutalara təzyiqi qalmaqdadır 

Ancaq vaksinasiya prosesi də avronun xeyrinə işləyib

Böyük Britaniya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib. Dollar dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirib. Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov son zamanlar əksər səbət valyutaların dollara nisbətən möhkəmlənməsi və manatın dollar qarşısında son vəziyyəti haqda danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyrinə işləyib. Bununla belə hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır: “Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb. Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır.
Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir”.