300 manat cəriməsi var

Doğum haqqında məlumat dərhal TƏBİB-ə ötürülməlidir

"Bu, nikahdankənar dünyaya gələn uşaqlarla bağlı tədbirin görülməsi üçün nəzərdə tutulub"


Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir. Bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.



Məsələ ilə bağlı "Şərq"ə öz fikirlərini bildirən sosioloq Lalə Mehralı deyib ki, bunu gizlədən hər hansı vəzifəli şəxs və ya tibb müəssisəsi qanun qarşısında cavab verməlidir:

"Hesab edirəm ki, bu, nikahdankənar dünyaya gələn uşaqlarla bağlı tədbirin görülməsi üçün nəzərdə tutulub. Nikahdankənar dünyaya uşaq gətirən kifayət qədər insan var ki, onlar bu zaman tibb müəssisəsinə müraciət etməli olurlar.

Tibb müəssisəsində nikah haqqında şəhadətnamə və valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər tələb edilir.

Əgər bu sənədlərdən hər hansı biri yoxdursa, keçərli səbəb olmalıdır. Belə hallar əsasən ya azyaşlı, ya da nikahı olmayan birinin uşaq dünyaya gətirdiyi zaman baş verir. Sirr deyil ki, nikahdankənar dünyaya uşaq gətirənlərin əksəriyyəti yetkinlik yaşına çatmayan qızlardır.

Bu səbəbdən hansısa tibb müəssisəsi məsələni ört-basdır edirsə, yaxud vəzifəli şəxs onu pul müqabilində gizlədirsə, mütləq qanun qarşısında cavab verməlidir".