Cəza tədbiri vacibdir 

İcbari sığorta haqqından yayınanlar cinayət məsuliyyəti daşıyacaq 

"Belə tədbirlər görülməzsə, gələcəkdə sistemin işində yaranacaq bir sıra problemlər böyük böhranla nəticələnə bilər"


İcbari tibbi sığorta haqqını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti müəyyənləşir. Bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, icbari tibbi sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.



Mövzu ilə bağlı "Şərq"ə danışan “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, belə tədbirlər görülməzsə, gələcəkdə sistemin işində yaranacaq bir sıra problemlər böyük böhranla nəticələnə bilər:

"İcbari-tibbi sığortanın artıq bütün ölkə üzrə tətbiqinə başlanılır. Ona görə də belə bir qərar başadüşüləndir. Sığorta haqlarını ödəməkdən imtina halları bütövlükdə bu sistemin özü üçün bir sıra problemlər yarada bilər.

Çünki həmin sığorta haqları həm həkimlərin əməkhaqqına ödəniləcək, həm də müəyyən tibbi avadanlıqların alınmasına sərf ediləcək. Bu səbəbdən həmin məsələdə problem yaranması strukturda böyük bir böhranla nəticələnə bilər. Belə halların yaşanmaması üçün indidən müəyyən tədbirlərin görülməsi çox vacibdir.

Sözügedən məsələdə sığorta ödəyiciləri daha məsuliyyətli olmalıdır. Düşünürəm ki, vətəndaş qəsdən bu ödənişi etməkdən boyun qaçırıbsa, o zaman həmin şəxsə qarşı cəza tədbiri görülməsi olduqca normaldır.

Burada hansısa qeyri-adi məsələ yoxdur. Çünki bu tədbir sistemin daimi və fasiləsiz fəaliyyətini təmin edən şərtlərdən biridir. Əgər bu həyata keçirilməzsə, icbari tibbi sığorta sistemi işləməyə bilər. Həmin hal da çox böyük fəsadlara yol aça bilər.

Vətəndaşın sağlamlıq hüququnun bütövlükdə təmin edilməsi üçün icbari tibbi sığorta sisteminin həyata keçirilməsi olduqca böyük önəm daşıyır".