6 il əsirlikdə yaşamaq heç kimə adi gəlməsin 

Dilqəmlə Şahbazın bu illəri çox məşəqqətli, işgəncələrlə keçib

"Bu gün gərək onların səhhətini Kəlbəcər Rayon İcra Hakimiyyəti diqqətdə saxlasın"
 

6 il erməni girovluğundan sonra düşmən əsarətindən xilas edilən vətəndaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı narahatedici xəbərlər yayılmaqdadır. Ötən gün mətbuata açıqlama verən Dilqəm və Şahbaz sağlıq durumlarından gileyləniblər. Dilqəm Əsgərov vəziyyətinin heç də yaxşı olmadığını bildirib: “Vəziyyətim heç də ürəkaçan deyil. Ağrıyıram, müalicə lazımdı, amma heç bir yardım olunmur. Bakıya müayinə olunmağa gəlmişəm. Başımda əzilən yerlər və mədəmdə problemlər var”.

Şahbaz Quliyev isə ayaqlarında ciddi problem olduğu üçün işləyə bilmədiyini bildirib: “Ailədə və mənim sağlıq durumumda vəziyyət o qədər də yaxşı deyil. Bəzən yeməyə çörək belə tapmırıq desəm, yalan olmaz. Yoldaşım restoranda qabyuyan işləyirdi. Amma restoran bağlandığı üçün o da işdən çıxıb. İş üçün müraciət etmişəm, amma ayaqlarım yaxşı işləmədiyi üçün işə götürmürlər”. 

İctimaiyyət nümayəndələri hesab edirlər ki, erməni girovluğunda olmazın əzablar görmüş, sözün əsl mənasında cəhənnəm həyatı yaşamış hər iki şəxs daim diqqət mərkəzində olmalıdır. Ən azından səhhətləri və həyat şəraitləri normallaşanadək dövlət qurumlarının qayğısını hiss etməlidirlər. 

Millət vəkili Elman Məmmədov “Şərq”ə bildirib ki, Dilqəm və Şahbaz 6 il ən qəddar düşmənin əsarətində qalıblar. Deputatın sözlərinə görə, onların altı ili çox məşəqqətli keçib, dəhşətli işgəncələrə məruz qalıblar:

“Uzun müddət düşmən girovluğunda qalmış şəxslərin sağlamlıqlarının yerində olmaması təbiidir. 6 il əsir həyatı yaşamaq insanlara adi gəlməsin. Xocalı soyqırımı vaxtı xeyli insanımız üç-beş gün, bir həftə, ay ərzində əsirlikdə qalmışdılar. Onlar geri qayıtdıqdan sonra səhhətlərində çox ciddi problemlər əmələ gəldi. Çoxu qaytarıldıqdan bir neçə gün sonra həyatını itirdi. Eynilə iki qardaşımız da altı il zülm görüblər, əzab-əziyyət içində olublar. Ona görə də onlara qayğı-diqqət göstərilməsi vacibdir. Həm sağlamlıqları bərpa olunmalı, həm də dolanışıqları yaxşılaşdırılmalıdır. Əlaqədar qurumlar üzərinə düşəni etməli, tədbirlər görməlidirlər. İlk növbədə Dilqəm və Şahbazın sakini olduqları Kəlbəcər rayonunun İcra Hakimiyyəti bu işlə məşğul olmalıdır. Düzdür, hər şey icra hakimlərinin səlahiyyətində deyil, ancaq mövcud problemlə bağlı digər dövlət qurumları qarşısında məsələ qaldıra bilərlər. Aidiyyəti strukturlar əsirlikdən yeni qayıdan şəxslərin səhhəti və sosial durumunu daim nəzarətdə saxlamalıdır. Ailədə əmək qabiliyyətli insanlar mütləq işlə təmin olunmalıdır. Yəqin ki, Dilqəm və Şahbazın yaşa görə təqaüd təminatları da var”. 

Parlament üzvü vurğulayıb ki, beynəlxalq aləmdə erməni vəhşiliklərini daha yaxşı tanıtmaq üçün Dilqəm və Şahbaz lazımlı şəxslərdir:

“Onları qorumalıyıq və beynəlxalq müstəvidə erməni vəhşiliyinin ifşası prosesinə sövq etməliyik. 6 il erməni girovluğunda başlarına gətirilən oyunlardan, zülm və işgəncələrdən danışmaları üçün geniş imkan yaratmalıyıq. Görünür, diqqətdən kənarda qalıblar. Sağlamlıqları ilə yanaşı, ailə vəziyyətlərində də problemlər üzə çıxıb. Problemlərin aradan qaldırılması üçün əlimizdən gələni etməliyik. Millət vəkili kimi çağırış edirəm ki, bu cür insanları qorumaq, yaşatmaq lazımdır”.