Belarusun gələcəyi böhranlı keçəcək 

Səfirlərin geri çağırılması dərin böhrandan xəbər verir


Belarus Prezidenti Aleksandr Lukaşenko xaricdəki diplomatik nümayəndəliklərin sayını optimallaşdırmaq istəyir. Bu barədə Lukaşenko xarici siyasətlə bağlı iclasda bəyan edib. Lukaşenko əlavə edib ki, dünya sürətlə dəyişir:

"Xarici İşlər Nazirliyi də daxil olmaqla bütün sahələrdə mövcud resursları adekvat uyğunlaşdırmalı və səriştəli şəkildə idarə etməliyik. Bir sıra ölkələrdə uzunmüddətli təcrübəmiz göstərir ki, Belarus diplomatik varlığının perspektivləri görünmür. Belarus niyə yumşaq desək, fasilə verilmiş istiqamətlərdə tam ştat diplomat heyətinə malik olsun? Bu məsələdə Litva və Polşa ilə olduğu kimi qarşılıqlı əlaqə əsasında çalışmaq lazımdır".

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Belarusun bir neçə ölkədə səfirini geri çağırması Belarusun xarici siyasətində müəyyən problemlərə yol açacaq. O hesab edir ki, bu, Lukaşenko üçün müsbət perspektivlər vəd etmir:

"Belarusun bir neçə ölkədə səfirini geri çağırması hesab edirəm ki, siyasi böhrandan irəli gəlir. Müxalifətlə iqtidar arasında konflikt xaricdə də davam edir. Mümkündür ki, Belarus rəhbərliyi səfirliklərin fəaliyyətindən şübhələnir. Fikrimcə, bu şübhələri olduğuna görə bu addımı atıb. Təbii ki, bu, Belarusun xarici siyasətində problemlərə yol açacaq. Lukaşenkoya təsir və təzyiqlər artacaq, habelə dövlətin ümumi xarici strategiyasında axsamalara yol açacaq". 
Politoloq vurğulayıb ki, Belarusda siyasi böhran səngisə də, hələlik davam edir: "Düşünürəm ki, bu, Lukaşenko üçün müsbət perspektivlər vəd etmir. Hər bir ölkədə səfirlik həmin ölkənin xarici siyasətində dayaq məntəqəsidir. Belarus da həmin məntəqələrdən geri çəkilir. Hesab edirəm ki, ölkədə siyasi böhran daha da dərinləşə bilər".