Su ehtiyatları prioritetə çevrilir 

Əsas məsələ itkilərin azaldılmasıdır 

Su ehtiyatlarından səmərəli istifadə üçün doğru təhlil aparmaq, proqnoz vermək lazımdır


“Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi”. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunmuş Zaur Mikayılovu  videoformatda qəbulu zamanı söyləyib. Cənab Prezidentin su ehtiyatları, əhalinin içməli su ilə təmnatı, suvarma məsələləri, meliorasiya sahəsinə daim diqqətlə yanaşdığı danılmazdır.

Ötən qısa müddət ərzində cənab Prezident bu sahə ilə bağlı bir neçə vacib sərəncamlar imzalayıb. Struktur dəyişikliklərinin həyata keçirilməsinə nail olub. Müasir dövrümüzdə yüksək texnologiyaların tətbiqi, dünya standartları ilə ayaqlaşmaq zərurəti nəzərə alınaraq meliorasiya sahəsində islahatların aparılmasına nail olunub. Prezidentin yürütdüyü siyasətdən aydın görünür ki, sosial rifah Azərbaycan dövlətinin əsas prioriteti olaraq qalmaqdadır. Cənab Prezident çıxışlarında su təminatı ilə bağlı müəyyən problemlərin həllini ilk növbədə məhz əhalinin içməli suya tələbatının ödənilməsi, həmçinin kənd təsərrüfatında suvarma məsələləri ilə bağlı yaranmış çatışmazlıqların aradan qaldırılmasında görür. Bütün bunlar vətəndaşların rifah halının yaxşılaşmasına,  vətəndaş maraqlarının təminatına xidmət edən dövlət siyasətidir. 

Ölkəmizin su ehtiyatları boldur, lakin…

Son illərdə cənab Prezidentin təşəbbüsü ilə bir neçə su anbarı inşa edildi. Məqsəd həm içməli su tələbatının ödənməsi, eyni zamanda meliorasiya problemlərinin həllini tapması idi. Məsələn, Taxtakörpü su anbarı  suvarma işləri ilə bərabər, həmçinin Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastruktur obyektidir. Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaradır. Son illərin quraqlığı nəzərə alınarsa, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda kəskin su problemi yaşanacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edildi. Nəticədə ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilməsi təmin edildi. Hazırda bu özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir. Prezident də çıxışı zamanı vurğuladı ki, meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə Azərbaycan kimi su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var: “Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır”. Mütəxəssislər də bu fikirdədir ki, suvarma olmadan kənd təsərrüfatında məhsuldarlıqdan söhbət gedə bilməz. Fermerlərin bol məhsul yetişdirəcəyini, yüksək gəlir əldə edəcəyini də söyləmək çətindir. Halbuki, hər iki məsələ aqrar sektor üçün və vətəndaşların gəlirlərinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. 

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında meliorasiya sahəsində işlərin  düzgün aparılmasının aqrar sektorun, fermer təsərrüfatlarının inkişafında mühüm əhəmiyyət daşıdığını söylədi: 

- Su ehtiyatlarından səmərəli istifadəyə nail olmaq üçün idarəetmədə müasir yanaşma tətbiq edilməlidir, müasir texnologiyalar ölkəmizə gətirilməlidir. Bu, birmənalıdır. Bunun üçün də meliorasiya məsələlərinə cavabdeh qurumda islahatlar mütləqdir. Przidentin çıxışından görünür ki, dövlət başçısı bunda maraqlıdır. Qalır, quruma rəhbərlik edənlərin vəzifələrini səriştə ilə yerinə yetirmələri. Azərbaycan hər cəhətdən zəngin ölkədir. Təbii ehtiyatlarımız  yetərincədir. Amma bu resurslardan səmərəli istifadə olunmalıdır. Səmərəli istifadə edilməyəndə ağır nəticələrə gətirib çıxaran problemlər yaranır. Nəyə görə bizdə su itkiləri rekord həddə olmalıdır? Prezident də çıxışında vurğuladı ki, bu itkilər bəzi hallarda təbii xarakter daşıyır, amma bəzi hallarda səhlənkarlıq ucbatından, məsuliyyətsizlikdən qaynaqlanır. Su ehtiyatları, suyun istifadəsinə dair hesablamaların aparılmaması işləri çətinləşdirir. Ona görə Prezidentin dediyi kimi, tam uçot aparılmalı, su anbarlarına daxil olan və oradan çıxan suyun həcmi müəyyənləşməlidir. Düzgün təhlil aparmaq, proqnoz vermək bu zaman mümkün olacaq. Əsas məsələ itkilərin azaldılmasıdır.
 
“İşğaldan azad edilmiş torpaqlar bizə böyük üstünlük verir”

İqtisadçı bu fikirdədir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Azərbaycan Ordusunun 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızı azad etməsi ümumilikdə ölkə iqtisadiyyatına  böyük üstünlük verir: 
- İqtisadiyyat dedikdə, təkcə sənaye, neft-qaz hasilatı, enerji resursları nəzərdə tutulmur. Kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında payı böyük olmalıdır. Dünənədək bəzən belə fikirlər səslənirdi ki, ərazilərimizin 20 faizi işğal altındadır, əkinə yararlı torpaq sahələri, münbit torpaqlar, su ehtiyatlarımızın ən mühüm hissəsi işğal altındakı torpaqlarda qalıb. İnkar etmirəm. Bəli, ümumilikdə Qarabağ bölgəsi münbit torpaqlarla, su ehtiyatları ilə, təbii sərvətlərlə zəngindir. Lakin biz yenə də köhnə metodlarla işləsək, yenidən əldə etdiyimiz, həm də şəhidlərimizin qanı bahasına azad etdiyimiz torpaqlarda da kənd təsərrüfatını gözlənilən və istənilən səviyyədə inkişaf etdirə bilməyəcəyik. Bu sahədə köklü və zəruri islahatlara ehtiyac var. Prezident Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunmuş Zaur Mikayılovu videoformatda qəbulu zamanı yeni texnologiyaların tətbiqi məsələsinə toxundu. Dedi ki, torpaq kanallar dövrü başa çatmalıdır. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq Cəmiyyət müəyyən etməlidir. Bu sahənin mütəxəssisləri var. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmaq lazımdır. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək.

Dövlət vətəndaşlarını daim dəstəkləyir

F.İbrahimov fermerlərə ayrılan subsidiyalar, dövlətin vətəndaşların kəsirlərini qarşılaması məsələsinə də diqqət yetirilməli olduğunu bildirdi: 
- Fermerlər, kəndlilər daha yaxşı məhsul götürsünlər, özləri üçün daha yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi yüksəlsin deyə, dövlət bütün xərcləri öz üzərinə götürür. Kənd təsərrüfatı sahəsində fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar, bu sahənin inkişafı, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Məlumdur ki, bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul olunur. Dövlət kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları daim dəstəkləyir. Subsidiyaların həcminin artırılması buna sübutdur. Bəs necə olur ki, kəndli də, fermer də yenə çətinliklə üzləşir, əkin sahəsini vaxtlı-vaxtında suvara bilmir, nəticədə məhsuldarlıq əldə etmir, qazancı aşağı səviyyədə olur? Burada su ehtyatlarının bölünməsində qeyri-mütənasiblik, suyun ədalətsiz bölünməsi üzə çıxır. Prezidentin tapşırığına əsasən bu məsələ ilə bağlı təhlil aparılıb. Nə ortaya çıxıb? Suyun ədalətsiz bölüşdürülməsi hallarının geniş vüsət aldığı. Prezident də dedi ki, həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə ediblər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlilərə suyun çatmaması əlbəttə gözləniləndi. İndi Prezident göstəriş verib, təhlillər, araşdırmalar aparılır. İnanırıq ki, problemlər həllini tapacaq. Hazırda ən önəmli məsələlərdən biri - azad edilmiş torpaqlarda meliorativ tədbirlərin həyata keçirilməsidir. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz, su ehtiyatlarımız var. Uzun illər ərzində bu imkanlardan məhrum idik. İndi isə artıq əlimizdə, ixtiyarımızda zəngin su ehtiyatları var. Gərək bunlardan səmərəli istifadə olunsun ki, ötən illərdəki problemlər, çatışmazlıqlar yenidən baş qaldırmasın. Suqovuşan qəsəbəsi işğaldan azad edilib, Suqovuşan su anbarı Azərbaycanın nəzarətindədir. Suqovuşanın nəzarətimizə keçməsi ilə Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının yaxşılaşmasına geniş imkanlar yaranıb. Lazımi işlər aparılmalı, zəruri tədbirlər görülməlidir ki, həmin ərazilər qısa zamanda vətəndaşların istifadəsinə verilsin. Nəzərə alsaq ki, dövlət siyasətimizin əsas prioritetlərindən biri keçmiş köçkünlərin tezliklə doğma yurdlarına qayıdışının təmin edilməsidir, insanların məskən salması, əkib-becərməsi üçün su ehtiyatlarının istifadəsi imkanları genişlənməlidir. Zəngin su ehtiyatları azad olunmuş torpaqlara qayıdacaq vətəndaşlarımız üçün böyük üstünlükdür. Qarabağ ərazisində nə qədər bol sulu çaylar var. Əlbəttə, lazım olan yerlərdə su kanalları çəkiləcək, su anbarlarından ora su ötürüləcək ki, əkin sahələrinin suvarılmasında, şəxsi təsərrüfatlarda istifadə olunsun. Ölkədə daha 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Bütün bunlar dövlətin həm su ehtiyatlarından səmərəli istifadədə, həm də vətəndaşların ehtiyaclarının ödənilməsində maraqlı olduğunu göstərir.