Kabus ordan başlamışdı 


90 gündə koronavirusa qalib gələn şəhərə bir də indi baxın!

2019-cu ilin sonlarında ölümcül koronavirusla dünyaya səs salmış Çinin Vuhan şəhərində hazırda həyat normal şərtlərlə davam edir. Vuhan bunu necə bacardı? Bu şəhərin əhalisinin sayı bəzi ölkələrdə, o cümlədən Azərbaycanda da  əhalinin ümumi sayıdır – 11 milyon. Amma bu şəhər cəmi 90 gün içində koronavirusa qalib gəlməyi bacarıb. Yalnız sərt tədbirlər həyata keçirilməklə. 90 gün müddətində şəhərin əhalisi ancaq zəruri ərzaq ehtiyaclarını ödəməli olduqda evdən çıxıblar. Zəruri olmadan evdən çıxanlara qarşı sərt cəzalar tətbiq edilib. Nəticədə Vuhan hazırda dünyanın bir çox yerindən daha güvənli vəziyyətdədir. Bu günlərdə Vuhandan yeni görüntülər yayılıb. Şəhər gözəlliyi ilə valeh edir. Heç düşünə bilmirsən ki, 1 il əvvəl bura ətrafa dəhşət saçan, “ruhlar şəhəri” adı verilmiş inzibati mərkəz idi.  
Vuhan dünya meqapolisləri sırasında 42-ci yerdədir. 3 qəsəbənin birləşməsindən bir şəhər əmələ gəlib. Sürətli inkişaf sayəsində ölkənin ən önəmli ticarət və sənaye şəhərlərindən birinə, eyni zamanda mədəniyyət mərkəzinə çevrilib. 
Yantsı çayı və onun bir qolu olan Han çayının birləşdiyi nöqtədə yerləşən Vuhan strateji mövqeyə malikdir. Qərbdə Vuhan “Çinin Çikaqosu” adlandırılır. Vuhanda çox qısa bir zaman içində bu gün ölkənin rəmzləri hesab edilən göydələnlər ucaldılıb. Son 10 ildə sürətlə inkişaf edib. 
Çin hökuməti bu gün də koronavirusun Vuhandakı canlı heyvan bazarından yayıldığı iddialarını rədd edir. Çin rəsmiləri virusun qaynağının İtaliya, ya da Hollandiya ola biləcəyini iddia edir.