Üçtərəfli öhdəliklərə tam əməl olunmalıdır 

Ermənistan postmünaqişə dövründə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir

Qarabağda vəziyyətin normallaşması ən aktual və vacib problem olaraq qalır. Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə deyib. “Əlbəttə, ikitərəfli münasibətlərin qurulması baxımından danışacağımız bir çox məsələlər var və təbii ki, ən aktual, ən mühümü Dağlıq Qarabağda və ətrafındakı vəziyyətin normallaşmasıdır”, - Putin Moskvada Paşinyanla keçirdiyi görüşdə bildirib.

Mövzuya münasibət bildirən politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında bildirib ki, bu gün vacib və aktual məsələ regional təhlükəsizliyin möhkəmləndirilməsi, postmünaqişə dövründə yaranmış əməkdaşlıq imkanlarından maksimum səmərəli istifadə olunmasıdır:

"Azərbaycan regional təhlükəsizliyə ciddi təhdidlər yaradan işğal faktını öz hərbi-siyasi gücü ilə aradan qaldırdı. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllinə müvəffəq oldu. Artıq “Dağlıq Qarabağ münaqişəsi” məfhumu yoxdur və Cənubi Qafqaz regionunun gələcəyi Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar üzərində inşa olunur”. 

N.Qələndərli vurğulayıb ki, müharibənin nəticələrindən dərs çıxarmalı olan Ermənistan postmünaqişə dövründə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir:

"Tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti yaradıb. Hazırkı şəraitin fonunda münaqişədən sonrakı dövrdə vəziyyətin bütövlükdə müsbət istiqamətdə inkişafı üçün eskalasiya risklərinin minimal səviyyədə saxlanılması çox mühüm əhəmiyyətə malikdir. Təbii ki, üçtərəfli bəyanatda əksini tapmış öhdəliklərinə də qeyd-şərtsiz əməl etməlidir”.