“Rusiya Ukrayna ilə sərhədə hərbi texnika yığır” – “Palitra” qarışıb!

Rusiya ilə Ukrayna arasındakı münasibətlər hazırda postsovet məkanının siyasi müstəvisindəki əsas mövzulardandır. Əslində Qərbin, xüsusilə ABŞ-ın mövqeyini nəzərə alsaq, məsələnin beynəlxalq xarakter daşıdığını söyləyə bilərik. Ekspertlərin proseslərin inkişafı barədə fikirləri isə müxtəlifdir.  Siyasi analitik, jurnalist Elçin Alıoğlu bu barədə “Sherg.az”a danışdı: 
“Rusiya Ukrayna ilə sərhəd boyunca canlı qüvvə, silah, sursat və hərbi texnika yığır. Rusiya hərbçilərinin Ukrayna ilə dövlət sərhədini keçmək niyyətində olduqlarını yalnız həmin arealda hərbi-səhra hospitallarının yaradılmasından sonra demək olar. Hospitallar yoxdursa, Kremlin ciddi döyüşlərə hazırlaşdığından bəhs etmək əbəsdir. Qoşunları sərhəd yaxınlığına yığmaq başqa, orada yanacaq, sursat anbarları və hospitallar yaratmaq başqa. Maddi-texniki  təminatın gücləndirilməsi, lokal məkanda bəhs etdiyim obyektlərin yaradılması niyyətin ciddiliyinin göstəricisidir”. 

O, həmçinin tərəflərin məqsədlərini də açıqladı:

“Ukrayna indi həddən artıq diqqətli və ehtiyatlı olmalı, rusiyalı hərbçilərə aktivləşmək üçün səbəb verməməlidir. Çünki Rusiya belə səbəbdən dərhal istifadə edəcək. Rəsmi Kiyevin istədiyi Donetsk və Luqanskdakı terrorçu-separatçı xuntalara son qoymaqdır. Rusiyanın arzusu isə Odessaya çıxış əldə etmək, bu minvalla Ukraynanı Qara dənizə çıxışdan məhrum etmək, habelə Mariupol və Berdyanska irəliləyiş vasitəsilə Krım üçün "dəhliz" yaratmaqdır”.